Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi açılıb.

Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye böyük Nizami haqqında sərginin təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini vurğulayıb.
Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dahi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini deyib, onun beş poemasının toplandığı “Xəmsə”nin dünya ədəbiyyatında “Beş xəzinə” adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək, əfqan və digər xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Nizaminin əlyazmaları dünyanın nüfuzlu muzey və kitabxanalarında saxlanılır. Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında mühüm rol oynayacağını deyib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Şərq intibahının parlaq simalarından biri olan Nizami Gəncəvinin dünya ədəbiyyatında misilsiz irs qoyduğunu, şairin 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğunu xatırladıb. 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən 870 illiyi ilə bağlı sərəncam imzalandığını qeyd edən səfir yubileylə bağlı müxtəlif ölkələrdə tədbirlər keçirildiyini, 2012-ci ildə Romada şairin abidəsinin ucaldıldığını deyib. Diplomat böyük söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqqında məlumat verib.
Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görünüşləri, müxtəlif yerlərdə qoyulan büst və heykəlləri, mavzoleyi, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən ibarət illüstrasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər və s. nümunələri nümayiş etdirilib.
Noyabrın 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib. Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye, Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvinin Şərq və dünya ədəbiyyatında mühüm rolundan söhbət açıblar.
Konsertdə solistlərdən Ramil Qasımov, Gülnaz İsmaylova və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizaminin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səslənib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət edib. Gənc skripkaçı Osman Eyyublu “Yeddi gözəl” baletindən parçalar ifa edib. Konsert fransız tamaşaçıları tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar