Gənc rəssam Məryəm Ələkbərlinin bu yaxınlarda işıq üzü görmüş kitab-albomu haqqında ştrixlər

Bu yaxınlarda UNESCO xətti ilə işıq üzü görmüş, gənc rəssam Məryəm Ələkbərlinin həyat və yaradıcılığını əks etdirən kitab-albomla tanış oldum. Fransız dilində nəfis şəkildə nəşr edilmiş kitab-albomda bu rəssamın mənalı, işıqlı rənglərlə zəngin sənət yoluna ətraflı nəzər yetirilir.

Kitab-albom məndə böyük maraq oyatdı. Çünki buradakı rəsmlərdən həyat eşqi aşıb-daşan bir gəncin dünyaya olan nikbin və həyati baxışları boylanır. Elə buna görə də həmin kitab-albom haqqında öz fikirlərimi açıqlamaq qərarına gəldim.
Kitab-albomda gənc rəssamın rəngarəng rəsmləri yer almışdır. Məryəm mürəkkəbliklərlə dolu dünyamızı reallıqda olduğundan daha çox özünün görmək istədiyi kimi çəkir. Elə buna görədir ki, Məryəmin rəsmlərinə bir uşaq səmimiyyəti hakimdir. O, tablolarında əlvan rənglərə üstünlük verməklə sanki dünyanı daha əlvan, işıqlı görmək istəyir. Gənc qızın sadə, lakin səmimiyyətlə dolu sənət fəlsəfəsi bu işıqlı istəyə köklənmişdir. Bunu duymaq, hiss etmək insanı riqqətə gətirməklə bərabər, həm də sevindirir.
Məryəmin palitrası kimi, mövzu dairəsi də çox zəngindir. Peşəkar dillə desək, bu gənc rəssam mənzərə, natürmort, portret, tematik və başqa janrlarda işləyir. Məryəmin rəng duyumu da çox həssas və genişdir. O, məsum, uşaqlıq dünyasından ayrılmayan kövrək duyğularını rənglərlə çox inandırıcı şəkildə əks etdirir.
Məryəm rənglərin dili ilə danışmağı xoşlayır. Onun çəkdiyi rəsmlərin əhval-ruhiyyəsini, mahiyyətini, estetikasını məhz rənglər ifadə edir. Bu baxımdan Məryəmin palitrası impressionizm koloritinə bənzəyir. Gənc rəssamın əlvan rəngləri K.Mone, E.Mane, K.Pisarro kimi sənətkarların işıqlı plener üslubunu xatırladır. Parlaq günəş şəfəqləri altında bir qədər də işıqlanan rənglər Məryəmin tablolarına impressionizm ab-havası gətirir.
Məryəmin hər bir əsəri sanki insanlara ünvanlanmış bir çağırışdır. Bu çağırış qeyri-səmimilikdən qaçmaq, həyatda və təbiətdə gözəl olanı görmək çağırışıdır. Doğrudan da onun əsərlərinə baxdıqda, buradakı sadəliyi, saflığı anladıqda insan sanki həyatda dəfələrlə gördüyü, lakin fikir vermədiyi, etina etmədiyi kiçik gözəllikləri bir daha kəşf edir. Bu kəşf insana ruhi rahatlıq bəxş edir, onu həyatın gözəlliklərini, əlvanlığını daha dərindən qiymətləndirməyə səsləyir.
Haqqında söz açdığım kitab-albom gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığını əks etdirən tutumlu bir nəşrdir. Məryəmin bu vaxta qədər 4 albomu işıq üzü görüb. Bu albomlar 2010, 2011 və 2012-ci illərdə Bakı, Paris, Moskva, İstanbul və Ankarada çap olunmuşdur. Bu siyahıya əlavə olunan yeni nəşrdə gənc rəssamın sənət yolu fərqli mövzular, yeni rəsmlər əsasında sıralanır.
Kitabda görkəmli şəxsiyyətlərin, tanınmış sənətçilərin Məryəm haqqındakı fikirləri, onun yaradıcılığına verdikləri qiymət öz əksini tapır.
Məryəmin rəngarəng əsərləri həm respublikamızda, həm də xaricdə dəfələrlə sərgilənib. 2010-cu ilin sentyabrında onun Bakıda iki sərgisi keçirilib. Bunlardan biri «Qız qalası» qalereyasında, digəri isə «Art Garden» salonunda baş tutub. Hər iki sərgi haqqında mütəxəssislərin, sənət xadimlərinin müsbət fikirləri səslənib.
Xarici ölkələrdə də Məryəmin dəfələrlə fərdi sərgiləri təşkil olunub. Yeni nəşrdə bu barədə məlumatlar öz əksini tapır. 2011-ci ildə gənc azərbaycanlı rəssam qızın sərgiləri Berlində və Parisdə keçirilib. Parisdəki sərgi iki ünvanda - UNESCO-nun iqamətgahında və «Vivienne Art Galerie» salonunda reallaşdırılıb. Belə mötəbər ünvanlarda sərgilərin keçirilməsi, şübhəsiz ki, Məryəmin yaradıcılıq uğurlarının göstəricisidir.
Yeni kitab-albomun ilk səhifələrində bu gənc rəssamın işlədiyi maraqlı vedutalar - şəhər görüntüləri öz əksini tapır. Maraqlıdır ki, Məryəm tablolarında Parisdəki məşhur Eyfel qülləsini də təsvir etmişdir. Qüllənin digər tikililərdən təcrid olunmuş halda, ağacların və səmanın fonunda kontrast rənglərlə təsviri onun simvolik mahiyyətini xeyli qüvvətləndirir. Yeni alboma Eyfel qülləsinin rəssam tərəfindən 2011-ci ildə işlənmiş üç ayrıca rəsmi daxil edilmişdir. Parisin digər görüntüləri də koloritli rəng həlli ilə diqqət çəkir. Bu təsvirlərdə isti və soyuq tonlar ardıcıllıqla növbələşir.
Paris mövzusu Məryəmin yaradıcılığında əsas yerlərdən birini tutur. Buraya təkcə Eyfel qülləsinin təsvirləri deyil, bir çox digər kompozisiyalar da daxildir. Bu silsilədə «Parisin görünüşü» kompozisiyası maraq doğurur. Soyuq və isti rənglərin özünəməxsus sintezindən yaranmış bu koloritli tabloda şəhərin bir görüntüsü, yaşıl ağacların əhatəsində qədim, qülləli bina təsvir olunmuşdur. Tünd-mavi səmanın fonunda bina daha da əzəmətli görünür. Binanın boz, sarı və çəhrayı rənglərlə işlənmiş fasadı, tünd qəhvəyi pəncərələri onun monumental xarakterini daha da qüvvətləndirir.
Paris seriyasına «Paris göyləri», «Bastiliya qalası» kimi zəngin koloritli tablolar da daxildir. «Paris göyləri» tablosunda şəhər səmasında, evlərin üstündən uçan təyyarə kompozisiyaya sanki bir nikbinlik, yüngüllük, asudəlik əhval-ruhiyyəsi verir. Bunun əksinə, «Bastiliya qalası» əsərində göy-yaşıl fonda qırmızı-qara rənglərlə işlənmiş qədim qala ağır silueti, tutqun görkəmi ilə zəhmli, hətta qorxunc hisslər oyadır. Bununla belə, gənc rəssamın işıqlı çalarlarla işlənmiş tablolarının əksəriyyəti tamaşaçılara şən əhval-ruhiyyə bəxş edir.
Məryəm bəzən kontrast çalarları bir kompozisiyada birləşdirməklə effektli kolorit təzadları yaradır. Bu maraqlı, bir qədər kəskin xarakterli təzadlar vaxtilə Niderland rəssamı Frans Halsın çox sevdiyi ifadə tərzi olan parlaq əlvan rənglərin qara rənglə növbələşməsini xatırladır.
Məryəmin natürmortları da maraq doğurur. Rəssam daha çox gülləri təsvir edir. Həm də bu güllər müxtəlif rənglərə - qırmızı, sarı, bənövşəyi, ağ rənglərə boyanmışdır. Məryəmin əlvan palitrasındakı az qala bütün rənglər bu güllərdə öz əksini tapır. Burada yenidən impressionizmə xas Avropa boyakarlığı ənənələri yada düşür. Ümumiyyətlə, gül təsvirləri Məryəmin yaradıcılığında xüsusi çəkiyə və məna çalarlarına malikdir. Güllərin rəngi, forması, düzülüşü rəssamın yaradıcılığının ruhi cəhətləri haqqında bitkin təsəvvür yaradır. İnsanlarda xoş əhval-ruhiyyə yaradan bu güllər, mən deyərdim ki, onun yaradıcılığının bədii kodudur. Burada rəssamın dünyagörüşünün, sənət fəlsəfəsinin estetik mahiyyəti simvolik vasitələrlə ifadə olunmuşdur.
Natürmortların bir qismində müxtəlif ev əşyaları, çıraqlar, əntiq əşyalar diqqəti cəlb edir ki, bu da Məryəmin geniş maraq dairəsindən və dərin müşahidə qabiliyyətindən xəbər verir.
Maraqlıdır ki, gənc rəssamın bəzi tabloları suprematizm xarakterlidir. Onun yaratdığı qırmızı, yaşıl, göy, qarışıq rəngli kompozisiyalarda müxtəlif ölçülü və rəngli yaxmalar müxtəlif həndəsi kombinasiyalarda birləşərək harmonik, ekspressiv görünüş təşkil edir.
Yeni nəşrdə diqqəti cəlb edən əsas bədii janrlardan biri də dəniz mənzərələridir. Dəniz təsvirləri Məryəmin sevə-sevə müraciət etdiyi mövzulardandır. Rəssam qoynunda doğulub boya-başa çatdığı Xəzər dənizi ilə gördüyü digər dənizləri, okeanı sanki eyniləşdirərək maraqlı dəniz görüntüləri yaradır. Bu görüntülərin rəng həlli müxtəlifdir. O, bəzən dənizi yüksək rakursda, fonsuz, perspektivsiz təsvir edərək başdan-başa göy ənginlik yaradır və bu ənginliyə ağ, qırmızı, çəhrayı gəmilər daxil edir. Bir sıra rəsmlərdə rəssam dənizdəki gəmiləri nisbətən iri planda işləyir. Bəzənsə o, dəniz mənzərələrinin daha mürəkkəb, kompozisiya baxımından daha dolğun nümunələrini yaradır və bunun üçün göy-yaşıl rənglərin müxtəlif çalarlarından məharətlə istifadə edir. Belə tabloların ümumi kolorit ahəngini soyuq rəng tonları müəyyənləşdirir. Sanki bu rəsmlərdə K.Monenin məşhur «Təəssürat. Günəşin çıxması» tablosununun təsiri, müəyyən bir əks-sədası, sakit, sürəkli ekspressiyası müşahidə olunur. Bəzən Məryəm dəniz mənzərələrində isti və soyuq rənglərin təzadlı kombinasiyasını da yaradır. Günəşin dəniz üfüqlərindən boylanmasını təsvir edən tablo məhz isti və soyuq rəng yaxmalarının növbəli düzülüşündən yaranmışdır. Burada isti rənglər qırmızı-sarı günəş şüaları, onların qızartdığı səma, dənizdəki əksi, soyuq rənglər isə təlatümlü, narahat dənizin göy sularıdır. Rəssam sanki soyuq, narahat dünyamızın üzərinə nur çiləməklə onun işıqlanan, rahatlıq tapan, arxayınlaşan obrazını alleqorik tərzdə, simvollar vasitələrlə əks etdirmişdir.
Məryəmin işlədiyi bir sıra animalistik fiqurlar məhz onun dənizə olan məhəbbətindən qaynaqlanır. Kitab-albomdakı belə təsvirlərdə çoxlu balıq, səkkizayaqlı dəniz ilbizi, su xərçəngləri və başqa canlılar təsvir olunmuşdur. Onları birləşdirən ümumi cəhət isə rəssamın çox sevdiyi mavi ümmandır.
Məryəm həmçinin müxtəlif təbiət lövhələrinin, ağacların yer aldığı mənzərələr də çəkir. Yeni nəşrdə belə mənzərələrin maraqlı nümunələri yerləşdirilmişdir. Onun göy, qəhvəyi və boz rəng çalarları ilə işlədiyi mənzərə tablosu sakit, romantik əhval-ruhiyyəsi ilə yadda qalır.
Məryəmin müraciət etdiyi kontrast rəng tonallığı göy və qırmızı rənglər üçün daha xarakterikdir. Gənc rəssam bu iki rəngin qatışıqsız yaxmalarından istifadə etməklə kompozisiya baxımından sadə, lakin zəngin rəng həllinə, kolorit oynaqlığına malik rəsmlər işləyir. Bu cəhət özünü daha çox Məryəmin dəniz mənzərələri və bəzi natürmortlarında göstərir. Lakin kolorit həlli baxımından bu tipli tablolar A.Matissin məşhur «Rəqs» kompozisiyasını xatırladır. Göy və qırmızı rənglərin harmonik düzülüşü bu rəsmlərə həmin tabloda olduğu kimi müəyyən bir ritm, dinamika verir.
Məryəm portret janrına da müraciət etməyi xoşlayır. Onun portret işləri o qədər də çox deyil, lakin bu portretlərə səmimiyyət, coşqun plastika, temperament kimi mühüm keyfiyyətlər xasdır. «Avtoportret», «Səidin portreti» kimi rəsmlərdə rəssamın obraza münasibəti rənglərdə əks olunmuş səmimi duyğular vasitəsilə öz ifadəsini tapır. Məryəmin portretləri üçün hətta alleqorik ifadə tərzi də xarakterikdir. Onun əsasən göy yaxmalarla işlədiyi «Mərmərə dənizində rəqs» tablosunda dənizin təlatümlü nəfəsi qırmızı geyimli qadın surəti ilə əlaqələndirilmişdir. Əsərə tamaşa edərkən istər-istəməz A.Mayolun qadın surətində təcəssüm etdirdiyi «Aralıq dənizi» heykəl kompozisiyası yada düşür. Gənc rəssam alleqorik formalara müraciət etməklə klassik Avropa incəsənətinin bir çox xüsusiyyətlərini çağdaş dönəmdə, həm də milli sənət müstəvisində və milli koloritdə canlandırmışdır.
Məryəmin əksər əsərlərinə saf, məsum dünyagörüşü xasdır. Onun çəkdiyi rəsmlərdə çoxlu quşlar, heyvanlar var. Həm də bunların bir çoxu dünyanın uzaq-uzaq yerlərində - Afrikada, Hindistanda, əlçatmaz Arktikada yaşayır. Gənc rəssamın yaradıcı təxəyyülü gördüyü və görmədiyi yerləri gəzib dolaşır, müxtəlif canlıların rəsmini yaratmaqda ona kömək edir. Bu təsvirlərdə ən müxtəlif heyvanları görürük. Ümumiyyətlə, animalistika janrı Məryəmin çox xoşladığı, tez-tez müraciət etdiyi janrlardandır. Onun rəsmlərində atlar, dəvələr, ayılar, şirlər, timsahlar, fillər, zürafələr, dovşanlar, it, Şimal maralı, pinqvinlər, dələ, eləcə də balıqlar, quşlar, kərtənkələlər, hörümçəklər, kəpənəklər, tısbağalar, ilbizlər təsvir olunmuşdur. Rəssam qız tutuquşu rəsmləri yaratmağı da çox xoşlayır. Bu, yəqin ki, onun əlvan, parlaq rənglərə meyl etməsindən irəli gəlir. Axı tutuquşuları da çox zaman əlvan, parlaq tükləri ilə seçilir. Məryəm al-əlvan tutuquşularını güllərin əhatəsində təsvir etməklə rəsmlərin rəngarəngliyini daha da artırır.
Məryəmin bir sıra tablolarında milli xarakter, milli adət və ənənələrimizin əks etdirilməsi dəst-xətti güclüdür. Bu tablolarda el bayramları, Novruz görüntüləri təsvir olunmuşdur. Məryəm palitrasındakı əlvan rəngləri bu tablolara daxil etməklə milli koloritimizin rəngarəngliyini daha dolğun şəkildə əks etdirir. Bu rəsmlərdə al-qırmızı lentlə bəzədilmiş bayram səmənisi, onun ətrafındakı narlar, müxtəlif milli atributlarımız əks olunmuşdur. Gənc rəssamın öz dünyagörüşündən doğan bir məsumluqla əks etdirdiyi qırmızı lentli kəllə qənd əsl bayram ovqatı yaradır. Bu maraqlı rəsm «Xonça» adlanır.
Məryəm yaşına görə çox məhsuldar işləyir. Al-əlvan rənglər dünyası onun həyatda özünütəsdiqinin əsas yaradıcı formasıdır. İnanıram ki, gənc azərbaycanlı rəssam Məryəm Ələkbərli gələcəkdə də öz rəngarəng tabloları ilə insanlara sevinc hissi bəxş edəcək.

Timuçin Əfəndiyev
professor







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar