UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında dünyanın 116 ölkəsindən nümayəndə heyətləri iştirak edir.
Paytaxtımıza təşrif buyurmuş çoxsaylı əcnəbi qonaqların zəngin tarixi-mədəni irsimiz, incəsənətimizlə tanış olması üçün maraqlı mədəniyyət proqramı da təşkil olunub. Nümayəndə heyətlərinin İçərişəhərə, Milli İncəsənət Muzeyinə, Bakının digər görməli yerlərinə, Qobustan tarix və bədii, Qala tarix-etnoqrafiya qoruqlarına baş çəkməsi planlaşdırılıb.
Dekabrın 1-də isə beynəlxalq tədbir iştirakçılarının, şəhərimizin qonaqlarının şərəfinə Heydər Əliyev Sarayında “Azərbaycan rəqs dünyası” adlı konsert təşkil olundu.
Konsertdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın katibi xanım Sesil Düvel çıxış etdilər.
Nazir Əbülfəs Qarayev bildirdi ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi ölkəmiz üçün böyük şərəfdir. Qeyd olundu ki, sessiya ilə yanaşı “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubileyinin də paytaxtımızda qeyd olunması tədbirin əhəmiyyətini daha da artırır. Azərbaycanla UNESCO arasında əlaqələrin 20 ildir yüksək səviyyədə inkişaf etdiyini deyən nazir vurğuladı ki, Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu təşkilatla əməkdaşlığa xüsusi diqqət göstərmələri əlaqələrin inkişafında böyük rol oynayır.
Nazir çıxışında onu da qeyd etdi ki, UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sı müasir beynəlxalq hüququn ən işlək mexanizmlərindən biridir. Burada söhbət hər bir xalqın mənəvi dəyərlərindən gedir. Ulu babalarımızdan miras qalan sənət növləri, adət və ənənələr bizim qeyri-maddi mədəni və mənəvi irsimizi təşkil edir. Azərbaycan konvensiyanı 2007-ci ildə ratifikasiya etsə də, hələ 2003-cü ildə muğamımız UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri elan olunub. Daha sonra Azərbaycanın aşıq sənəti, xalça sənəti, tar ifaçılıq sənəti təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sının katibi xanım Sesil Düvel sessiyanın təşkilində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Təmsil etdiyi təşkilatla əlaqələrin möhkəmlənməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğuladı.
Sonra “Azərbaycan rəqs dünyası” adlı konsert təqdim edildi. Balet ustalarının çıxışı ilə başlanan konsertdə milli rəqs sənətimizin nümunələri mükəmməl şəkildə ifa olundu. Proqram əcnəbi qonaqları heyran etdi və rəqqaslarımızın məharəti dəfələrlə sürəkli alqışlara layiq görüldü.
Savalan Fərəcov