Sakit Məmmədovun “Rənglər aləmində”

Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisinin açılışı oldu. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkil etdiyi sərgi rəssamın 55 illik yubileyinə həsr olunub. Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur.

Mərasimdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə rəssamın zəngin yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışdı, istedadlı sənətkara yeni yaradıcılıq uğurları arzuladı.
Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Türkiyənin Yedditəpə Universitetinin müəllimi, rəssam Rəfiq Əziz, Xalq rəssamı Səlhab Məmmədov və başqaları Sakit Məmmədovun yaradıcılığının ideya-sənətkarlıq xüsusiyyətlərindən söz açdılar.
Bildirildi ki, rəssamın hər sərgisi sənətsevərlər üçün böyük bayramdır. Fırça ustasının əsərlərindəki gözəlliyə sitayiş, romantika, insanlara məhəbbət heç kimi laqeyd qoya bilməz. Özünəməxsus yaradıcılıq yolu olan Sakit Məmmədov Azərbaycan mədəniyyəti tarixinə bundan sonra da yaddaqalan əsərlər bəxş etməklə rəssamlıq məktəbimizi daha da zənginləşdirəcək. Sənətkarın çoxsaylı təltifləri olsa da, onun üçün ən böyük mükafat sənətsevərlərin, sadə insanların onun işlərinə olan məhəbbətidir.
Tədbirdə Sakit Məmmədova UNESCO-nun və Türkiyənin Yedditəpə Universitetinin mükafatları təqdim edildi.

Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi isə rəssamın əsərlərinin xarici ölkələrdə də sevgi və rəğbətlə qarşılandığını bildirdi.
Sonda Sakit Məmmədov çıxış edərək Heydər Əliyev Mərkəzində fərdi sərgisinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu dedi, Mərkəzin rəhbərliyinə və tədbirin iştirakçılarına dərin təşəkkürünü ifadə etdi.
Qeyd edək ki, Sakit Məmmədov 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. Rəssamın İstanbul, Stokholm, Moskva, Brüssel və başqa şəhərlərdə fərdi sərgiləri açılıb.
2007-ci ildə Əməkdar rəssam adına layiq görülən Sakit Məmmədov 2009-cu ildə dövlət başçısının sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif olunub. O, UNESCO Rəssamlar Assosiasiyasının və Rusiya İmperator Rəssamlıq Akademiyasının üzvüdür.
Dekabrın 13-dək davam edəcək sərgidə rəssamın “Balaca klounlar”, “May”, “Bağban”, “Çiçəklənən Azərbaycan”, “Mən yorulmuşam”, “Səhnəyə hazırlıq”, “Nişana gedənlər”, “Aktrisa”, “Rəfiqələr” və s. əsərləri nümayiş olunur.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar