Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi açılıb
Noyabrın 29-da “Artist” Rəsm Qalereyasında Xalq rəssamı, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, professor Böyükağa Mirzəzadənin (1921-2007) əsərlərindən ibarət sərginin açılışı keçirildi. Sərgidə Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsinin 50-dən artıq əl işi nümayiş olunur.
Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov fırça ustasının yaradıcılıq məziyyətlərindən danışdı, onu böyük sənətkar və müəllim adlandırdı: “Milli rəssamlığımızın zəngin ənənələrini öz yaradıcılığında əks etdirən, özünəməxsus tərzi ilə seçilən Böyükağa Mirzəzadə təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan fırça ustası idi. Onun yaradıcılığı gələcək nəsillər üçün qiymətli bir xəzinədir”.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Xalq rəssamının yaradıcılığını Azərbaycan təsviri sənətinin ən qiymətli səhifələrindən hesab etdiyini bildirdi: “Böyükağa Mirzəzadə milli rəssamlığımıza böyük töhfələr vermiş şəxslərdəndir. Onun çəkdiyi tablolar dünyanın bir çox tanınmış muzeyləri, rəsm qalereyaları, sərgilərində uğurla nümayiş olunmuş və mədəniyyətimizin təbliğinə xidmət etmişdir”.
Böyükağa Mirzəzadə öz zəhməti, sənəti ilə seçilən insanlara sonsuz məhəbbətini rənglərin dili ilə nümayiş etdirib. Rəssamın “Dirijor Niyazi”, “Balerina Rəfiqə Axundova”, “Akademik Məmməd Arif ”, “Aşıq Ələsgər”, “Rejissor Şəmsi Bədəlbəyli”, “Xalq rəsssamı Səttar Bəhlulzadə”, “Xalçaçı alim Lətif Kərimov”, “Aktrisa Sona Aslanova” və portret janrında yaratdığı digər əsərləri buna misaldır. Onun “Çənlər”, “Günorta”, “Çimərlikdə”, “Sahildə estakada”, “Fatmayıda hamam”, “Neft daşları”, “Babəkin yürüşü” və s. bənzərsiz lövhələri Azərbaycan rəngkarlığının inkişafında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə zəngin bədii yaradıcılıqla yanaşı, həm də uzun illər Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olaraq gənc, peşəkar rəssamlar nəslinin yetişdirilməsində böyük zəhmət sərf edib.
Sərgi dekabrın 10-dək davam edəcək.
Fariz Hüseynov