Xalq rəssamı Arif Hüseynovun qrafika əsərlərindən ibarət sərgi

Dekabrın 17-də Milli İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan nağılı” adlı qrafika əsərlərindən ibarət sərgisinin açılışı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Milli İncəsənət Muzeyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gələn sərgi rəssamın 70 illik yubileyinə və yaradıcılığının 45 illiyinə həsr olunub.

Tədbiri Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev açaraq bildirdi ki, muzeydə bir çox görkəmli sənətkarlarımızın sənət əsərlərinin sərgisi keçirilib: “Bu gün isə Xalq rəssamı Arif Hüseynovun qrafika əsərlərindən ibarət sərgisi keçirilir. Arif Hüseynovun çoxşaxəli yaradıcılığı həmişə diqqət mərkəzində olub. O, 45 illik yaradıcılıq dövründə istər dəzgah qrafikasında, istərsə də kitab illüstrasiyası sahəsində məhsuldar çalışaraq, özünü Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi tanıda bilib”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarı təbrik edərək rəngarəng yaradıcılığından söz açdı. Bildirdi ki, Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır: “Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır. Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskvada, Praqada, Tokioda, Ankarada, İzmirdə sərgilənən əsərlərinə görə Arif Hüseynov müxtəlif mükafatlara, diplomlara layiq görülüb. Ona gələcək işlərində yaradıcılıq uğurları arzu edirəm”.
Rəssamlar İttifaqının katibləri, xalq rəssamları Səlhab Məmmədov və Ağəli İbrahimov da yubilyara təbriklərini çatdırdılar. Qeyd olundu ki, Arif Hüseynov bacarıqlı sənətkar olmaqla yanaşı, həm də fəal ictimaiyyətçidir. Bu onun təbiətindən irəli gələn keyfiyyətdir. Rəssamlar İttifaqının demək olar ki, bütün tədbirlərində yaxından iştirak edir. Bu gün onun əsərləri Azərbaycanın muzey və qalereyalarında, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının gözəl nümunələridir. Rəssam bir sıra bədii ədəbiyyat nümunələrinə tərtibat verib.
Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi və iştirakçıları “Azərbaycan nağılı” adlı qrafika əsərlərindən ibarət sərgiyə baxmağa dəvət etdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar