Gənclər Gününə həsr olunmuş incəsənət festivalı

Yanvarın 26-dan fevralın 7-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək.

2 fevral - Gənclər Gününə həsr edilmiş festival çərçivəsində muğam və klassik musiqilərdən ibarət konsertlərin, sərgilərin təşkili, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə respublikanın gənc rəssamları, yazarları, muğam və klassik musiqi ifaçıları iştirak edəcəklər.
Festivalın ilk günündə, yanvarın 26-da “ART Council” qeyri-hökumət təşkilatı tərəfindən gənc rəssamların “Açıq hava - 4” adlı pleneri, yanvarın 30-da “LN incəsənət mərkəzi”ndə gənc fırça ustalarının əsərlərindən ibarət “Üfüq” adlı sərgi keçiriləcək. Gənc rəssamların əsərlərindən ibarət daha iki sərgi isə yanvarın 31-də Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək.
Filarmoniyada həmçinin Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev) müşayiəti ilə gənc ifaçıların konserti olacaq.
Fevralın 2-də Heydər Əliyev Sarayında gənc rəssamların əsərlərinin nümayişi və “Gəncləşən muğam-5” layihəsi üzrə gənc ifaçıların konserti olacaq. Xalq artisti, professor Mənsum İbrahimovun və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə istedadlı xanəndələr Təyyar Bayramov, İlkin Əhmədov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Ehtiram Hüseynov, Eldəniz Məmmədov, Elbrus Niftəliyev, Hüseyn Məlikzadə, Səbinə Ərəbli, Ülviyyə Sədaqət, Xəyalə Abdullayeva, Vüqar Musayev və başqaları çıxış edəcəklər.
Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Poeziya saatı” mövzusunda gənc ədiblərlə görüş keçiriləcək. Həmin gün Beynəlxalq Muğam Mərkəzində muğam televiziya müsabiqəsi iştirakçılarının konserti baş tutacaq.
Gənclər Günü münasibətilə daha bir tədbir fevralın 6-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gerçəkləşəcək. Klassik musiqi axşamında gənc pianoçular çıxış edəcək.
İncəsənət festivalı fevralın 7-də Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq.

Fariz Hüseynov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar