Müasir İncəsənət Muzeyində gənc rəssamın sərgisi

Yanvarın 25-də Müasir İncəsənət Muzeyində istedadlı gənc fırça ustası Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri, gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə ərsəyə gələn sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim edilib.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxışında Məryəm Ələkbərlinin sənət dünyasından söz açıb, Paris Ali İncəsənət Məktəbində təhsil alan gənc rəssamın əsərlərinin dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində sərgiləndiyini diqqətə çatdırıb: “Məryəmin əsərlərində çox güclü müsbət energetika vardır. Onun daxilində güclü bir istedad gizlənir. O, öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır. Onun əsərləri insana ruh verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində ilham arzulayıram”.
Baş nazirin müavini Elçin Əfəndiyev gənc rəssamın əsərlərinin mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayıb: “Bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur”.
Qeyd olunub ki, Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə başlayıb. Rəssamın Bakıda, eləcə də İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə sərgiləri təşkil edilib, rus, ingilis, fransız, alman və yapon dillərində albomları nəşr olunub. İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.
Kinorejissor Eldar Quliyev Məryəm Ələkbərlinin yaradıcılığından söhbət açaraq deyib: “Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov: “Burada nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin hamısı Məryəmin təbiəti, dünyası və onun fəlsəfəsidir”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur: “Bu gənc rəssamda sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşib. Gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir”.
Qeyd edək ki, Məryəm Ələkbərlinin 50-yə yaxın əsərinin nümayiş olunduğu sərgi fevralın 8-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar