Poetik süjetli miniatür əsərlər xalça nümunələrində

Orta əsr Azərbaycan miniatür rəssamları dünya incəsənəti xəzinəsinə dəyərli töhfələr bəxş ediblər. Yaradılan nümunələr klassik ədəbi əsərləri təbliğ etməklə yanaşı, qədim toxuculuq sənətinin yeni keyfiyyətlər qazanmasına imkan verib.

Miniatür sənəti əvvəlcə illüstrasiya kimi təşəkkül tapıb. Sonra klassik Şərq poeziyası ilə vəhdətdə inkişaf edib. Klassik Şərq poeziyası Azərbaycan miniatür sənəti üçün bir mənbə rolunu oynayıb.
XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa təsiri artır. Sonralar Təbriz miniatür məktəbinin formalaşması ilə bu proses daha da güclənir. Bu məktəbin yaradıcısı ustad rəssam Sultan Məhəmməd (XV-XVI əsrlər) hesab olunur. O, Şərq poeziyası klassiklərindən dahi Nizami Gəncəvinin “Xəmsə”sinə, Əbülqasım Firdovsinin “Şahnamə”sinə və Hafiz Şirazinin “Divan”ına onlarca illüstrasiya çəkib. Eyni zamanda ayrı-ayrı mövzularda miniatürlər yaradıb. Dünyanın ən mötəbər muzeylərində, şəxsi kolleksiyalarda qorunan bu miniatürlər bir çox bənzərsiz xalça nümunələrinin yaranmasına vəsilə olub. Yüksək peşəkarlıqla toxunan belə xalçalara Milanın Poldi Petsoli, Londonun Viktoriya və Albert, Nyu-Yorkun Metropoliten, Budapeştin, Parisin dekorativ sənət muzeylərində və digər məşhur məkanlarda rast gəlinir.
Araşdırmalarda göstərilir ki, Ə.Firdovsinin qəhrəmanlıq epopeyası, N.Gəncəvinin məhəbbət lirikası, romantik, fəlsəfi-didaktik poemaları xalça ustalarının yaradıcılığına hərtərəfli təsir göstərib. Onları dünyəvi hissləri, ülvi məhəbbəti tərənnüm edən misilsiz xalçalar yaratmağa ruhlandırıb. Təəssüf ki, Ə.Firdovsinin və N.Gəncəvinin poemalarının motivləri əsasında toxunan ilk Azərbaycan süjetli-tematik xalçaları dövrümüzədək gəlib çıxmayıb. Ancaq belə xalçaların mövcudluğuna XVI-XVII əsrlərə aid Kirman və Kaşan xalçaları əsaslı sübutdur. Hər iki xalçanın süjeti Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarından götürülüb. Parisin Dekorativ Sənət Muzeyində saxlanılan XVI əsrə aid Kirman xalçasında bu poemalardan “Şirin çimərkən Xosrovun onu seyr etməsi” və “Leylinin səhrada Məcnunla görüşü” səhnələri xalçanın mərkəz oxu boyunca hər iki tərəfdən güzgü simmetriyası ilə təkrarlanır. Parisin Luvr muzeyində saxlanılan XVII əsrə aid ipək Kaşan xalçasının künc ləçəklərində də “Leylinin səhrada Məcnunla görüşü” səhnəsi təsvir edilib. Bu motivlərə orta əsr ipək parçalarında, keramika nümunələrində, xüsusən də miniatür rəssamlığında rast gəlinir.
Səfəvilər dövlətinin mədəni inkişafa xüsusi önəm verməsi ölkənin ucqar bölgələrində də bu sənətin inkişafına təsir göstərib. Təbrizlə Şamaxı və Qarabağ arasındakı əlaqələrin genişlənməsi nəticəsində bu bölgələrdə Təbriz üslubuna yaxın olan miniatür və süjetli xalçalar toxunub. Ancaq bu nümunələr, Təbriz xalçalarından fərqli olaraq, saray rəssamlarının rəsmləri əsasında deyil, xalq sənətkarları tərəfindən yaradılıb.
Xalçaçıların Nizami poemalarının motivlərinə müraciət etməsi XIX əsrədək davam edib. Hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanan, 1810-cu ildə Təbrizdə toxunmuş xalçanın ara sahəsində zəngin libaslı Leyli və onun qolları üzərində yarıbihuş halda Məcnun təsvir olunub. Süjet səhrada budaqlarını aşağı salmış və “ağlayan” söyüd ağacının ətrafında açılır. Arxa planda qız üzlü günəş əks olunub. Xalçada təsvir olunan çoban və qoyun sürüsü, tülkü, ayı, xaltalı it və s. cənub səhralarından çox, Azərbaycan mənzərəsini xatırladır.
Xalçalarda rast gəlinən digər mövzulardan biri də Nizaminin “Xosrov və Şirin” poemasından götürülən səhnələrdir. Burada da orta əsr saray xalçaları və miniatürləri ilə sonrakı dövrlərdə yaradılan sənət inciləri arasında müəyyən fərqlər diqqəti çəkir. Orta əsr saray xalçalarında Xosrovun məhəbbəti, şahın əyləncə səhnələri önə çəkilirdisə, sonrakı dövr xalçalarında xalqa daha yaxın olan Fərhadın qəhrəmanlığı və ölüm səhnələri qabardılıb.
XX əsrin əvvəllərində “Sirlər xəzinəsi”, “İsgəndərnamə” poemalarının motivləri əsasında “Bəhram Gur ovda”, “Bəhram Gur və Çoban”, “Bəhram Gur və Fitnə ovda”, “İsgəndərin cadugərlərlə döyüşü” adlı xalçalar toxunub. Görkəmli xalçaçı-rəssam Lətif Kərimovun rəhbərliyi altında “Ədalətli Nuşirəvanla vəzirin söhbəti”, “Şirinin Bisütun dağına Fərhadın görüşünə getməsi”, “Məcnun vəhşi heyvanlar arasında”, “İsgəndər və Nüşabə” adlı xalçalar toxunub. Bütün bunlar N.Gəncəvinin yaratdığı ölməz obrazların möhtəşəmliyinin göstəricisidir.
Ə.Firdovsinin “Şahnamə” əsəri XIX-XX əsrlərdə də xalçaçıların müraciət etdiyi mövzu olaraq qalıb. Təbriz məktəbinə məxsus “Rüstəm ağ divi öldürür”, Qarabağ məktəbinə məxsus çoxlu sayda “Rüstəm və Söhrab” kimi gözəl xalçalar toxunub. Bu xalçalar bütövlükdə kompozisiyanın monumentallığı, obrazların emosional ifadəliliyi, boyaların şuxluğu ilə seçilir.
Tanınmış tacik şairi Əbdürrəhman Caminin Qurani-Kərimdən bəhrələnərək qələmə aldığı “Yusif və Züleyxa” əsəri də xalçaçılar üçün ilham mənbəyi olub. Quba və Təbriz məktəblərində “Yusif və Züleyxa” mövzusunda xalçalar toxunub və hazırda onların nümunəsi Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin süjeti bu xalçaların ara sahəsindəki üç üfüqi zolaqda açılır. Hər epizod medalyonlardakı başlıq yazıları ilə dəqiqləşdirilir.
Sənətkarlarımız bu əl işlərini yaradarkən təkcə bədii mətndəki motivləri, səhnələri deyil, həm də bu əsərləri meydana gətirən söz sərraflarının təsvirlərini də xalça üzərinə köçürüblər. Bu isə poeziyaya, təsviri sənətə verilən dəyərin bariz nümunəsidir.

Savalan Fərəcov