Məşhur rəssam Əşrəf Heybətin monumental pannosu təqdim ediləcək

Fevralın 24-də Almaniyada yaşayan həmvətənimiz, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin “Xocalı faciəsi” əsərinin Bakıda təqdimatı olacaq.

Monumental əsər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil ediləcək tədbirdə təqdim olunacaq.
Ölçüsü 2,5x1 metr olan diptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımının bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olub. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xətlərdən istifadə edib. Dərin fəlsəfi mahiyyətə malik pannonun təqdimatı bundan öncə Berlində Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Əşrəf Heybətin rənglərdən istifadə tərzi dünya şöhrətli fırça ustası, Xalq rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı ilə səsləşsə də, xalqımıza qarşı törədilmiş faciənin mahiyyətini rəng çalarları ilə çatdırması onun sənətinin özünəməxsus cəhətidir.
Əşrəf Heybət 1997-ci ildə Mayntsda “Bakı” adlı Azərbaycan Mədəniyyət Cəmiyyətini yaradıb. Onun əsərləri BMT-nin Cenevrədəki sarayında, Rumıniya Prezidentinin sarayında, Belçikada NATO-nun qərargahında, İordaniyanın kral sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında nümayiş olunub.
Zəngin yaradıcılıq bioqrafiyası olan sənətkar 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Onun “Salam” əsəri dövlətimizin başçısına hədiyyə olunub, yaradıcılığı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən yüksək qiymətləndirilib.
O, müxtəlif mövzularda panno-rəsmlərin müəllifidir. Onlardan birini - “11 sentyabr” rəsmini Nyu-Yorkun merinə rəssam şəxsən təqdim edib. Buna görə mer həmvətənimizə təşəkkür məktubu ünvanlayıb. Rəssamın məşhur “20 Yanvar - Bakı” pannosu Azərbaycan İstiqlal Muzeyində saxlanılır. O, həmçinin Roma Papasının, Angela Merkelin və başqa məşhurların portretlərinin müəllifidir.
Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar