“Göylərin qəribə və ecazkar bir cəzbetmə qüvvəsi var”

Əməkdar rəssam Görüş Babayev 1943-cü ildə Bakıda anadan olub. Dövrünün sayılıb-seçilən ziyalılarından biri, Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, alim, istedadlı yazıçı Nurəddin Babayevin ailəsində boya-başa çatıb. Böyüdüyü mühit onu erkən yaşlarından incəsənət aləminə gətirib.

Atasının yaxın dostlarından olan məşhur heykəltəraş Cəlal Qaryağdı Görüşün hələ uşaq yaşlarından rəngləri rənglərə calamaqdan usanmadığının şahidi idi və onu gələcəyin rəssamı kimi görürdü. Görüş Babayev 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxuyub, bu sahədə istedadı vardı. Bunu görən ailənin yaxın dostu - görkəmli bəstəkar Fikrət Əmirov onun yaxşı musiqiçi ola biləcəyini düşünürdü.
Amma tale elə gətirir ki, Görüş Babayev 1959-cu ildə sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq şöbəsinə verir və beləcə bir sənətkarın yaradıcılıq yolu başlanır. O, dövrün bir çox gənc rəssamları kimi, məktəbi bitirəndən sonra Leninqradda (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının monumental heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. Sonra vətənə qayıdaraq bu günə kimi bir çox dəyərli sənət əsərlərinə imza atıb.
Əməkdar rəssamla söhbətimiz zamanı bu sözləri xüsusilə yadımda qaldı: “Nə yaxşı ki, mən o vaxt Leninqradda qalmadım. Belə olsaydı, mən bütünlüklə Azərbaycana məxsus rəssam ola bilməzdim. Əsərlərimdə azərbaycançılıq o qədər də hiss olunmazdı...”.
Bu gün istedadlı heykəltəraşın həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sənətsevərlər tərəfindən yüksək dəyərləndirilən əsərləri çoxdur. Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehə Gəncədə ucaldılan abidə, Türkiyənin Ərzurum şəhərində “Arfa çalan qız”, Sumqayıtda Nizami Gəncəvinin heykəli, 20 Yanvar şəhidlərinə abidə...
Heykəltəraşın yaradıcılığından söhbət açarkən iki əsəri xüsusi qeyd etmək gərəkdir. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli və bu yaxınlarda Bakıda ucaldılan “Dədə Qorqud” abidəsi: “Həyatımda iki hadisənin böyük izi qalıb. Sankt-Peterburqda Nizami Gəncəvi və Bakıda “Dədə Qorqud” abidələrinin açılışı. Bu hadisələrin hər ikisi yaradıcılığımda unudulmaz anlardır. Birinci heykəli ümummilli lider Heydər Əliyev, ikincisini isə cənab Prezident İlham Əliyev açdı”.

Xatirələr...

- Sənət seçimimdə çox da çətinlik çəkməmişəm. Kiçik yaşlarımdan həm rəsm çəkirdim, həm də musiqi məktəbində oxuyurdum. Orta məktəbi bitirəndə isə seçimim təsviri sənət oldu. Düzü, nəyə görə bu sənəti seçdim, bunu bilmirəm, sadəcə, seçdiyim yoldur. Sözsüz ki, yaratdığım bütün əsərlərdə musiqinin də təsiri var. Bizim ailədə anam da, nənəm də gözəl piano ifa edirdilər. Mən şadam ki, yaratdığım əsərlərdə musiqinin də izi var. İstər heykəl olsun, istər qrafika, bütün bunlarda musiqinin ştrixlərini hiss etmək mümkündür. Amma tam mövzu olaraq musiqi ilə vəhdət təşkil edən bir əsər işləmək fikrimdən keçməyib.

“Dədə Qorqud” abidəsi necə yarandı?

- Eşitdim ki, abidə ilə bağlı müsabiqə keçirilir. Mən də öz işimi və təklifimi verdim. Yəqin ideyam bəyənildiyi üçün mənim əsərim seçildi. Sonra həmin işin üzərində bir neçə eskizlər edərək uzun zaman işlədim, bu eskizlər cənab Prezidentə təqdim edildi və təsdiqləndi. Belə bir sual ola bilər ki, bu heykəl vasitəsilə nə demək istəyirəm? Məncə, “Dədə Qorqud” dastanı özü artıq hər şeyi deyib. Onda bizim xalqımızın fəlsəfəsi, etikası, adət-ənənəsi, böyüyə hörmət və s. bütün nüanslar toplanıb. Bu abidə üzərində işləməyə başlayanda böyük qarşısında öz yerini bilən gəncliyi gördüm, onun fonunda ana məhəbbətini, valideyn-övlad sevgisini gördüm. Bütün bunları ürəyimin səsi və fəlsəfəmə uyğun yaratdım.
Heykəldəki ağac bir simvoldur. Kökü yerdə, amma özü səmaya yüksələn bir ağac. Bu məni daha çox düşündürürdü. Düzdür, bu günə qədər yaratdığım heykəllərin hər biri öz fəlsəfəsinə uyğun olaraq çətin, düşündürücü və məsuliyyətli işlər olub. Məncə, bütün rəssamların, heykəltəraşların yaratdıqları böyük işlərin hamısında çətinlik çəkdikləri, sual qarşısında qaldıqları məqamlar olub. Düzü, “Dədə Qorqud”a həsr etdiyim zamanı gözəl vaxt adlandırıram. Sankt-Peterburqda yaratdığım Nizami Gəncəvi heykəli və “Dədə Qorqud” düşündürücü əsərlərdir. Bu mövzular mənə yaxındır. Onlar mənəvi qida olmaqla yanaşı, həm də sənətkarı tərbiyə edir. Etiraf edim ki, mən savaş mövzusunu xoşlamıram. Bir dəfə mənə belə bir sifariş oldu, inanın mən o heykəli çox ağır işlədim. Amma 20 Yanvar şəhidlərinə həsr etdiyim işim var. Bu hamımızın yarasıdır. Qarşıda işlərim çoxdur. Arzuladığım müəyyən mövzular var ki, onların gerçəkləşməsini istərdim. Bir dəfə demişdim ki, şəhərimizdə dahi bəstəkar Qara Qarayevin heykəlinin ucaldılmasını arzulayıram. Bu arzum həyata keçdi. Sözsüz, müəllif olmaq arzum var idi. Hər bir rəssamın, heykəltəraşın hansısa əsəri yaratmaq arzusu olur. Hər bir aktyor hansısa obrazı yaratmağı, rejissor hansısa əsəri səhnələşdirməyi arzuladığı kimi. Heykəlin müəllifi mən olmasam da, çox sevinirəm ki, bu layihə gerçəkləşdi. Biz öz dahilərimizi unutmamalıyıq, onlar həmişə göz qabağında olmalıdırlar ki, gələcək nəsil də onları tanısın. Heykəli çox bəyəndim, onu da deyim ki, Qara Qarayevin portretini yaratmışam və həmin əsər bəstəkarın adını daşıyan musiqi məktəbindədir.

Səmaya sevgi...

Göyə ucalan hisslər, duyğular... səmaya sonsuz məhəbbət. Bəlkə də bu məhəbbət rəssamın poeziyaya vurğunluğunun bir hissəsidir. Görüş Babayev arada bir şeirlər də yazır. Səmaya sevgisinin haradan qaynaqlandığını bu cür izah edir: “Biz uşaq olarkən Abşeron bağlarında vəziyyət indiki kimi deyildi. Bağlar hasarsız, çəpərsiz idi. Bakı küləyi bağları sığallaya-sığallaya xəzridən gilavara, gilavardan xəzriyə ötürürdü. Dəniz də bu küləklərlə birlikdə nəğmə oxuyurdu. Həmişə bağa getdiyim zaman uzanıb saatlarla səmaya baxardım. İndinin özünə qədər bu xasiyyətimdə qalıram. Göylərin qəribə və ecazkar bir cəzbetmə qüvvəsi var”.
Sənətkardan atası Nurəddin Babayevlə bağlı xatirələrini də bizimlə bölüşməyi xahiş edirəm, atasına həsr etdiyi hər hansı bir əsəri varmı deyə soruşuram. Deyir ki, Nizaminin heykəlini yaradarkən atamın baxışlarını əks etdirməyə çalışmışam: “Nə qədər alınıb bilmirəm. Onun özünəməxsus baxışı vardı. Bütün atalar oğulları üçün ideal atadır. Mən Leninqradda oxuyanda atam mənə məktublar yazırdı. Etiraf edim ki, cavanlıq idi, birini oxuyurdum birini oxumurdum. Bir dəfə oturub söhbət etdiyimiz vaxt atam hiss etdi ki, mən onun məktublarını oxumuram. Onda mənə dedi ki, sənə yazdıqlarım məktubları çap etdirəcəyəm, bəlkə onda kitab kimi oxuyasan. Beləliklə də atamın məşhur “Oğluma məktublar” kitabı ərsəyə gəldi”.

Qəriblik...

- On il Türkiyədə müəllimlik fəaliyyəti ilə məşğul oldum, heykəltəraşlıqdan dərs dedim. Türklərdə heykəltəraşlıq sənəti bizə nisbətən yeni sənətdir. Bunun da müəyyən səbəbləri var. Müasir türk gəncləri, yeni nəsil bu sahəyə meyllidirlər. Onlarda heykələ böyük maraq var. Orada olduğum zaman “Türkiyə yuxuları” silsiləsindən əsərlərim yarandı. Qardaş ölkə olmasına baxmayaraq, yuxularımda tez-tez Azərbaycanı görürdüm və bu yuxulardan təsirlənib həmin rəsm əsərlərini yaratdım.
Əməkdar rəssam sənətə gələn gənclərlə bağlı fikirlərini də bildirdi: “Bəzən onlara həsrətlə baxıram. Çünki bizim dövrlə onların gənclik dövrü arasında nə qədər fərqlər var. İndi gənc rəssamlar üçün “yox” sözü, qadağa yoxdur. Nə istəyirsən, necə istəyirsən yarat. Yaradıcılıqda tam azaddırlar. Amma onların səmimi, rəssam vicdanları qarşısında təmiz olmalarını arzulayıram. Çünki ancaq bu yolla əsl sənətə gedən yolu tapmaq mümkündür”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar