Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqrafın fərdi sərgisi

Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Açılış mərasimində çıxış edən “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani sərginin nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkilindən şərəf duyduğunu söyləyib. Bildirilib ki, 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulan məşhur fotoqraf rəssamlıqla da məşğul olub. “Magnum photos” agentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Uilyam Folkner, Merilin Manro, Jan Pol Sartr kimi bir çox məşhurların fotolarını lentə alıb.
O deyirdi ki, planlaşdırılmış və ya səhnələşdirilmiş fotoqrafiyanın mənə heç bir aidiyyəti yoxdur, fotoaparat mənim üçün qeyd dəftərçəsi, intuisiya, anın sahibi -vizual baxımdan eyni vaxtda sual qoyan və qərar verəndir. Fotoqraf əmin idi ki, dünyanı ifadə etmək üçün obyektiv vasitəsilə görünən kadrlara aludə olmaq lazımdır. Bu, konsentrasiya, ağıl və həssaslıq, eləcə də geometrik duyğu tələb edir.
Uzun ömür sürən Anri Kartye-Bresson 2004-cü ildə vəfat edib. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani vurğulayıb ki, sərgi Parisin son 70 illik tarixinə səyahətdir. Burada nümayiş olunan əsərləri izləyənlər sanki Fransa paytaxtına gəzintiyə çıxacaqlar. Sərgi həm də Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini nümayiş etdirir.
Məşhur fotoqraf 40 il əvvəl Azərbaycan ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə gəlmiş, bu ecazkar məkanın bir çox görüntülərini fotoyaddaşa köçürmüşdür. Qeyd olunub ki, “Magnum photos” agentliyi “YARAT!” Müasir İncəsənət Məkanının gənc fotoqrafları ilə birgə işləmək niyyətindədir. Bundan əlavə, agentlik 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərini fotoşəkillər vasitəsilə dünyaya çatdırmaq arzusundadır.
Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox fotoəsəri nümayiş olunur. “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Anri Kartye-Bressonun fotoalbomunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib. Sərgi iyulun 27-dək davam edəcək.