Nyu-York şəhərində “The Big Apple Music Awards-2014” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış rəqqas Tahir Eynullayev “Ən yaxşı kişi rəqqası” nominasiyasının qalibi elan olunub.
Bu barədə məlumat verən Tahir Eynullayev bildirib ki, beynəlxalq layihəyə ABŞ, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və digər ölkələrdən tanınmış musiqiçilər qatılıblar. Mötəbər sənət yarışmasının keçirilməsinin başlıca məqsədi yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.
Tahir Eynullayev bayrağımızla səhnəyə çıxaraq “Atəşgah” rəqsini tamaşaçılara təqdim edib. İstedadlı rəqqasın təqdim etdiyi kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan təmsilçisi təşkilat komitəsinin xüsusi dəvəti ilə layihədə iştirak edib. Təqdimat mərasimini dünyanın 70-dən çox ölkəsinin milyonlarla tamaşaçısı izləyib.
Tanınmış rəqqas bundan əvvəl Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq müsabiqələrdə də ölkəmizi layiqincə təmsil edib və mükafatlara layiq görülüb.