Mayın 25-dən iyunun 1-dək Türkiyənin İsparta şəhərində TÜRKSOY fotorəssamların I yaradıcılıq görüşünü keçirib. Avrasiyanın 20 ölkəsindən 30-a yaxın iştirakçının qatıldığı tədbir İsparta şəhərindəki Süleyman Dəmirəl Universiteti ilə birgə gerçəkləşib. Layihədə ölkəmizi Azərbaycan Fotoqraflar Birliyinin üzvü Zamin Cəfərov təmsil edib.
Tədbirin əsas mövzusu “Göllər və güllər diyarı” olduğundan fotorəssamlar regionun təbii və tarixi-mədəni baxımından görməli yerlərini görmək imkanı əldə ediblər. Qonaqlar üçün gül plantasiyaları və emal fabriklərinə, vilayət ərazisindəki göllərə, İspartadakı muzeylərə foto-turlar təşkil olunub. İştirakçılar Süleyman Dəmirəl Universitetinin fakültələrini, xalçaçılıq və digər xalq sənəti istehsalı atelyelərini gəziblər, İspartada ağac oyması ilə məşğul olan sənətkarların əl işlərini izləyiblər.
Görüşdə Avrasiya Fotoqraflar Birliyinin qurulması ilə bağlı müzakirələr də aparılıb, bununla bağlı komissiya yaradılıb. Tədbirin yekun bəyannaməsi qəbul olunub. Süleyman Dəmirəl Universitetinin rektoru Həsən İbicoğlu və Anadolu Fotoqraflar Dərnəyi sədrinin müavini Tuna Akçay tərəfindən imzalanan bəyannaməyə görə, iştirakçı ölkələr bu istiqamətdə işlərə başlayacaqlar.
XI TÜRKSOY foto-rəssamlarının görüşünün yekununda fotosərgi açılıb. Növbəti görüşün gələn il Albaniyanın paytaxtı Tiranada keçirilməsi qərara alınıb.

Mehparə