İyulun 1-də Müasir İncəsənət Muzeyində “Yeni era” Dünya Sənət Akademiyası üzvlərinin “11” adlı sərgisi açılıb. Mərasimi muzeyin icraçı direktoru Xəyyam Abdinov açaraq sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Yeni era” Dünya Sənət Akademiyasının yaradılması planetimizin mədəni həyatında əhəmiyyətli hadisədir. Rəngkarlıq və memarlığın çoxlu bədii cərəyanlarını, dünyanın müxtəlif incəsənət məktəblərinin üzvlərini birləşdirən ittifaq incəsənətin bədii-stilistik cərəyanlarını dərinləşdirməyə imkan yaradır.
Tədbirdə “Yeni era” Dünya Sənət Akademiyasının prezidenti Anatoli Silov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, 30 ölkəni əhatə edən akademiyanın 70 üzvü var. Rusiyalı qonaq Azərbaycan rəhbərliyi tərəfindən incəsənət adamlarına böyük diqqət və qayğı göstərildiyini xüsusilə vurğulayıb, Müasir İncəsənət Muzeyi kimi məkanda belə bir sərginin təşkilindən məmnunluğunu ifadə edib.
Mərasimdə rəssam Mirnadir Zeynalova “Yeni era” Dünya Sənət Akademiyasının “İlin rəssamı” nominasiyasında ordeni təqdim edilib. Akademiyanın elmi şurasının qərarı ilə rəssam Gülarə Məcidova bu müəssisənin həqiqi üzvlüyünə qəbul edilib, rəssam Eldar Qurbanova isə akademiyanın fəxri fərmanı təqdim olunub.
Dünya Sənət Akademiyasının digər üzvlərinin çıxışlarında sərgidə nümayiş olunan əsərlərdən, yaradıcılıq planlarından söz açılıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə akademiyanın prezidenti Anatoli Silovun, akademiyanın üzvlərindən Arif Əziz, Xanlar Əhmədov, Səmədağa Cəfərov, Mirnadir Zeynalov, Nağdəli Xəlilov, Gülarə Məcidova, Eldar Qurbanov, Ülviyyə Həmzəyeva, Xristo Panev və Nikolay Şinyayevin əsərləri təqdim olunur. Sərgi iyulun 15-dək davam edəcək.