İyunun 23-də Vyanada MOYA Gənc İncəsənət Muzeyində “MOYA-ANNUALE-2014” sərgisi açılıb. Dünyanın 10-dan artıq ölkəsindən 30-dək gənc rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə bu il Azərbaycan da təmsil olunub.
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ölkəmizin belə bir mötəbər sərgidə təmsil olunmasına yaradılmış imkana görə muzey rəhbərliyinə minnətdarlığını çatdırıb.
Gənc rəssam Fərəc Rəhmanovun rəsm əsərlərinin nümayiş olunduğu sərgidə ifaçılarımız - Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Sərgi iyulun 7-dək davam edəcək.