“Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların IV respublika festivalı
İyunun 23-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların IV respublika festivalı başlandı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsidir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan-doğma diyar" devizi altında 2006, 2008 və 2011-ci illərdə keçirilən festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Budəfəki festival da ölkəmizdəki milli müxtəlifliyin, milli zənginliyimizin nümayişi, əsrlərdən bəri mövcud olan tolerantlıq mühitinin təsdiqidir.
İki gün ərzində Dövlət Mahnı Teatrının səhnəsində festival iştirakçıları - Lənkəran, Astara, Masallı, Şəki, Şabran, Zaqatala, Lerik, Balakən və başqa rayonlarda yaşayan talış, avar, ingiloy, ləzgi və digər azsaylı xalqların nümayəndələri adət-ənənələrini, musiqilərini, geyimlərini özündə təcəssüm etdirən çıxışlar etdilər. Kollektivlərin yaradıcılıq təqdimatı maraqla qarşılandı. Onlar rəqslərlə yanaşı, Azərbaycan və öz doğma dillərində xalq mahnılarını ifa etdilər. Fərqlənən kollektivlərə növbəti mərhələdə iştirak etmək şansı verildi.
Festivala qatılan bir neçə kollektivin rəhbəri ilə həmsöhbət olub, tədbirlə bağlı təəssüratlarını öyrəndik. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova festivalın əhəmiyyətindən və rayonu təmsil edən “Halay” folklor ansamblının fəaliyyətindən danışdı. Bildirdi ki, bu tipli tədbirlər ölkəmizdə mədəniyyətin inkişafına və təbliğinə xidmət edir: “Festival böyük əhəmiyyətə malikdir və istərdik ki, hər il keçirilsin. Belə tədbirlər sayəsində kollektivlər bir-birini yaxşı tanıyırlar. Bu tədbirdə Azərbaycanda yaşayan bütün azsaylı xalqların iştirakı ölkəmizdəki tolerantlıqdan xəbər verir. Bizim kollektivin adının da mənası birlik deməkdir. “Halay” folklor kollektivi ölkəmizdə keçirilən tədbirlərdə fəal iştirak edir. Bu günə kimi 30-dək ölkədə keçirilən festivallara qatılıb. Kollektiv iyulun 1-dən 8-dək Macarıstanda keçirilən folklor festivalında iştirak edəcək”.
Astara rayonunu təmsil edən “Əvəsör” folklor kollektivinin rəhbəri Fərbiyə Şabanova festivalın gözəl bir ənənəyə çevrildiyini bildirdi: “Milli azlıqların adət-ənənələrini, mədəniyyətini özündə təcəssüm etdirən bu festivalın keçirilməsi çox gözəl təşəbbüsdür. Artıq ənənə halını alan bu festivallarda hər dəfə bizim kollektiv də iştirak edib. Budəfəki festivalda xınayaxdı rəqsi ilə talış xalqının gəlin köçməmişdən bir gün əvvəl həyata keçirilən adət-ənənəsini, folklorunu nümayiş etdirəcəyik. Düşünürəm ki, çıxışımız maraqlı alınacaq”.
Qeyd edək ki, iyunun 25-də Azərbaycan Dövlət Musiqili Teatrında festival iştirakçılarının qala konserti keçiriləcək.
Fariz Hüseynov