Masallıda keçirilən beynəlxalq folklor festivalı rəngli görüntülərə səhnə oldu
İyunun 13-dən 15-dək Masallıda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi beynəlxalq folklor festivalı keçirildi. Üçüncü dəfə təşkil olunan sənət bayramını izləmək bu il mənə də qismət oldu. Bir neçə həmkarımla iyunun 12-də bu rayona yollandıq. Builki festival ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdi.
“Folklor paytaxtı” ilə başlanan ənənə
Festivalın açılışı iyunun 13-də Masallı şəhərindəki mərkəzi meydanda gerçəkləşdi. Fürsətdən istifadə edib rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovadan festival barədə ümumi məlumatları aldıq. Onun sözlərinə görə, Masallıda beynəlxalq folklor festivalı 2012-ci ildən keçirilir: «Həmin il Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları» layihəsi çərçivəsində Masallı Azərbaycanın «Folklor paytaxtı» elan edilmişdi. Bu münasibətlə rayonda keçirilən tədbirlərin sırasında folklor festivalı da vardı. Artıq 3-cü dəfə təşkil olunan festivalın iştirakçılarının sayı da ildən-ilə artır. Bu il yeddi ölkədən - Rusiya (Dağıstan), Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan qonaqlarımız var. Azərbaycanı isə Astara, Balakən, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri təmsil edirlər».
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Qeyd edək ki, tədbirin qonaqları arasında Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, qardaş ölkənin Sandıklı şəhər bələdiyyəsinin sədri Mustafa Öz də vardı.
Tədbirə folklor kollektivlərinin paradı ilə start verildi. İştirakçılar təbiətin şıltaqlığı ilə qarşılaşsalar da, yağan leysan yağış rəngarəng çıxışlara mane ola bilmədi. Sonra tədbir şəhərdəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında davam etdi.
Burada təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəx nümunələri ilə tanış oldular.
Festivalın ilk günü Masallıda fəaliyyət göstərən «Nağıl dünyası» istirahət mərkəzində rayon İcra Hakimiyyəti tərəfindən qonaqların şərəfinə təşkil edilən ziyafətlə yekunlaşdı.
Dost xalqların mədəniyyəti ilə tanışlıq
İyunun 14-də festival iştirakçıları iki qrupa bölünərək rayonun Tüklə və Qızılağac kəndlərində sakinlər qarşısında konsert proqramı ilə çıxış etdilər. Onların təqdim etdikləri folklor nümunələri kənd sakinlərində də xoş əhval-ruhiyyə yaratmışdı. Qızılağac kənd sakini Cabbar İbadov bizimlə söhbətində bildirdi ki, hər il festivalı yaxından izləmək üçün rayonun mərkəzinə gedir: «Bu il bizim kənddə konsert proqramının təşkil olunmasına çox sevindik. Burada biz eyni zamanda müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı əldə edirik. Gürcülərin rəqsləri xüsusilə xoşuma gəldi. Təbii ki, öz folklor kollektivlərimizin çıxışlarına da həvəslə baxıram və qürur duyuram».
Bəsti nənə isə Təbriz aşıqlarını dinləməyi sevir. Deyir ki, onların ifası yerli aşıqların ifasından fərqlənmir: «Belə də olmalıdır. Axı biz eyni millətik, dilimiz, dinimiz, mədəniyyətimiz eynidir».
Festival Masallının brendinə çevrilməkdədir
Həmin gün axşam Masallıdakı Heydər Əliyev parkında geniş konsert proqramı keçirildi. Tədbirdən əvvəl çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirdi ki, xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, xalça naxışları insanlara çox şeydən xəbər verir: «Azərbaycanın çox qədim mədəniyyətə malik olması çoxsaylı faktlara söykənir. Zəngin mədəni irsimiz «Kitabi-Dədə Qorqud», «Oğuznamə», «Koroğlu» kimi epik monumental yaradıcılıq nümunələrində əksini tapıb».
İcra başçısı qeyd etdi ki, Azərbaycan milli musiqi sənətində xalq mahnıları, muğamlar, rəqslər, aşıq yaradıcılığı özünəməxsus yer tutur: «Azərbaycan xalqının folklor tarixi ölkə ərazisində ilk insan məskənlərinin yaranması ilə üst-üstə düşür. Ölkəmiz dünyanın ən zəngin folklor sərvətlərindən birinə malikdir. Analarımızın laylalarından süzülüb gələn, atalarımızın müdrik kəlamlarında yaşayan folklorumuz bu gün öz yeni dirçəliş dövrünü yaşayır. Digər bölgələrimiz kimi, Masallı da folklor nümunələri ilə zəngindir. Təsadüfi deyil ki, rayonda bir neçə folklor qrupu fəaliyyət göstərir. Ən sevindirici məqamlardan biri odur ki, uşaqlarımız və gənclərimiz folklorumuzu sevir, bu sahəyə xüsusi maraq göstərir, onu yaşadır».
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, on il bundan əvvəl kimsə desəydi ki, Masallıda beynəlxalq folklor festivalı keçiriləcək və ənənə halını alacaq, bu bəlkə də bir arzu kimi qarşılanardı: «Bu gün isə bölgələrimizdə gedən inkişaf, tərəqqi belə beynəlxalq tədbirlərin keçirilməsini mümkün edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən strategiya əsasında bölgələrdə quruculuq işləri uğurla davam etdirilir. Regionlarda sosial infrastruktur yaradılır, mehmanxanalar, mədəniyyət müəssisələri tikilir. Masallıda keçirilən beynəlxalq festival da bunun nəticəsidir. Bu festival artıq Masallının brendinə çevrilməkdədir. Digər bölgələrdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi həmişə belə layihələrə dəstək verir”.
Sonra tədbir folklor kollektivlərinin çıxışları ilə davam etdi. Festivalın yaddaqalan məqamlarından biri də Ağcabədi rayonunu təmsil edən muğam üçlüyünün çıxışı zamanı yaşandı. Respublika muğam müsabiqəsinin qaliblərindən Ramiq Bayramovun və Ağcabədi şəhərindən gəlmiş Sevinc Abbasovanın ifasında səslənən «Qarabağ şikəstəsi»ni tamaşaçılar alqışlarla, bəziləri isə göz yaşları ilə qarşıladılar.
İyunun 16-da festivalın yekun konserti oldu. Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Mərasimdə yaddaqalan məqamlardan biri də Masallı rayonunun nağaraçılar və rəqs qrupları ilə gürcüstanlı qonaqların birgə hazırladıqları təqdimat oldu.
Konsertdən sonra festivalda iştirak edən bütün kollektivlərə diplomlar, Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edildi. Mərasimin sonunda parkda bayram atəşfəşanlığı oldu.
Regionlarda beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait var
Beynəlxalq folklor festivalının iştirakçıları və qonaqları öz təəssüratlarını qəzetimizlə bölüşdülər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov:
- Masallı rayonunun tarixən zəngin folkloru olub. Ona görə də həm rayonu tanıtmaq, həm də perspektivlərini müəyyənləşdirmək məqsədilə belə beynəlxalq səviyyəli tədbir təşkil etmək qərarına gəldik. Rayonun gözəl turizm imkanları, gəzməli-görməli yerləri var. Beynəlxalq folklor festivalını keçirməkdə məqsədimiz eyni zamanda Masallını bu baxımdan tanıtmaqdır. Çünki turizmin inkişafı digər sahələrin inkişafını da zəruri edir. Bu sahənin inkişafı Azərbaycanda dövlət siyasətinin də prioritet istiqamətidir.
Rayonumuzda hazırda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir. Mövsüm ərzində bəzən bu obyektlərdə boş yer tapmaq mümkün olmur. Yeni obyektlər tikilməkdədir. Amma keyfiyyətli xidmət təqdim etmək üçün mütləq turizm təhsilli kadrlar hazırlanmalıdır. Ona görə də bu yaxınlarda Masallıda texnoloji kollec fəaliyyətə başlayacaq. Burada turizm ixtisaslarından başqa, digər ixtisaslar da tədris ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev:
- Azərbaycanda həyata keçirilən uğurlu regional inkişaf siyasəti yerlərdə beynəlxalq səviyyəli tədbirlər keçirməyə zəmin yaradır. Masallıda artıq üçüncü dəfə bu səviyyədə tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Mədəniyyət və Turizm Nazirliyi ilk gündən bu layihəyə dəstək verib. Təbii ki, təşkilatçılıq məsələsində rayon İcra Hakimiyyətinin, müvafiq yerli qurumların üzərinə böyük iş düşür. Regionlarda keçirilən belə tədbirlər zamanı insanlar yeni mədəniyyətlərlə tanış olurlar. Bu da təbii ki, rayonun mədəni həyatına çox müsbət təsir göstərir.
Bu qəbildən layihələr davam edəcək. Avqust ayında İsmayıllıda da belə bir beynəlxalq folklor və xalq tətbiqi sənəti festivalının keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi bu tədbirə də təşkilati dəstək göstərir. Qeyd etdiyim kimi, digər regionlarımızda da belə tədbirlərin keçirilməsi üçün şərait mövcuddur. Mədəni tədbirlər birbaşa turizm xidmətləri ilə bağlıdır. Ona görə də bu tədbirlərin keçirilməsi regionlarda turizmin inkişafına da müsbət təsir göstərir. Turizm şirkətləri də fürsətdən istifadə edib bu regionlara turist cəlb etməlidir.
Milli Məclisin deputatı Elmira Axundova:
- Azərbaycan folkloru çox zəngindir. Bir regionun folkloru digər regionun folklorundan tamamilə fərqlənir. Folklor xalqın tarixidir. Xalqlar və ölkələr müxtəlifdir, amma biz burada möhtəşəm bir birliyin şahidi oluruq. Bu festivalda iştirak edən səkkiz ölkənin xalqları arasında mədəni əlaqələr yarandı. Mən çox fəxr edirəm ki, deputatı olduğum Masallı rayonu da belə bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, eyni zamanda ölkəmizdə gedən böyük inkişafın göstəricisidir. Arzu edirəm ki, vətənimizin hər bir bölgəsində həmişə bayram atəşfəşanlığı səsləri eşidilsin.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan:
- Bu il Türkiyə Masallı festivalında çox tanınmış folklor kollektivi - Dövlət Xalq Rəqsləri Qrupu ilə təmsil olunur. Bu qrup Türkiyəni müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə təmsil edir. Masallı festivalının çox təqdirəlayiq tərəflərindən biri də odur ki, festival çərçivəsində müxtəlif kəndlərdə də konsert proqramları təqdim edilir. Bununla yerli əhali müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı əldə edir. Bu, çox doğru bir addımdır. Tədbirin təşkilatçılığı çox yüksək səviyyədədir. Bütün qonaqlara diqqət və qayğı göstərilir. Biz burada Azərbaycan qonaqpərvərliyinin ən yüksək təqdimatına şahid oluruq. Hesab edirəm ki, bura gələn hər bir qonaq öz ölkəsinə çox yüksək təəssüratlarla qayıdacaq. Mən burada bizi təmsil edən qrupun üzvlərindən soruşanda ki, Masallı sizdə hansı təəssüratları yaratdı, ilk cavabları bu oldu ki, çox yüksək səviyyədə qarşılanma, diqqət və qayğı gördük. Masallıya gələn buradan məmnun ayrılır.
Ölkəmizə ən xoş təəssüratlarımızı aparacağıq
Litvanın «Aysva» qrupu ilk dəfədir Azərbaycana gəlib. Bir çox ölkələrdə təşkil edilmiş festivallarda iştirak etdiklərini söyləyən qrupun rəhbəri Raymondas Mikolatis: «Biz burada modern bir qrupla təmsil olunuruq. Çox rəngarəng proqram hazırlamışıq. Azərbaycan haqqında eşitsək də, buraya ilk dəfə səfər etmişik. Düşünürəm ki, buradakı gözəlliklərlə bağlı eşitmək yox, görmək lazımdır. Azərbaycan xalqı çox qonaqpərvərdir. Tədbirdən sonra da bir neçə gün Masallıda qalacağıq. Litvaya ən xoş təəssüratlarımızı aparacağıq».
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Xalq Rəqsləri Qrupunun rəhbəri Semih Canər: «Azərbaycanda keçirilən tədbirlərdə bir neçə dəfə iştirak etsək də, Masallıda keçirilən festivala ilk dəfədir qatılırıq. Rəhbərlik etdiyim qrup Türkiyədə çox sevilir. Dünyanın müxtəlif ölkələrində festivallara qatılmışıq. Azərbaycan folklorunun bir çox özəllikləri var. Xalqın həyatını, məişətini əks etdirən rəqs nömrələri hər zaman sevilə-sevilə izlənilir. Türkiyə və Azərbaycan folklor nümunələri də məhz xalq həyatından götürülüb. Ona görə də hər zaman maraqla qarşılanır».
İran İslam Respublikasını təmsil edən qrupun rəhbəri Böyükbəy Ələkbəroğlu: «Çox sevindiricidir ki, Bakı və Təbriz olaraq bir yerdə milli folklorumuzu yaşadırıq. Bu tədbirdə hər il iştirak edirik. Çalışırıq hər dəfə daha fərqli folklor nümunələrimizi təqdim edək. Builki folklor festivalında Təbriz şəhərindən gələn aşıqlar və «Səhər» rəqs qrupu çıxış edir. Hər bir xalqın borcudur ki, öz milli və mənəvi sərvətini yaşatsın, gələcək nəsillərə təhvil versin. Biz Azərbaycanda belə geniş və beynəlxalq səviyyəli tədbirlər keçirilməsinə çox şadıq və hər zaman burada iştirak etməyə hazırıq».
Rusiya Federasiyası Dağıstan Respublikasının Mədəniyyət İdarəsi müdirinin müavini Məhəmməd Həsənov: «Festivalda Xunzax rayonunun «Akapo» folklor ansamblı ilə təmsil olunuruq. Azərbaycana ilk dəfə 1985-ci ildə səfər etmişəm. Masallıya isə ilk səfərimdir. Etiraf edim ki, çox gözəl bir bölgədir. İnsanları da dağıstanlılar kimi istiqanlı və mehribandır. Təşkilatçılara təşəkkür edirəm ki, mənə bu fürsəti verdilər. Bundan sonrakı tədbirlərdə iştirak etməyə özümüz təşəbbüs göstərəcəyik».
“Burada özümüzü evimizdəki kimi hiss edirik”
Gürcüstanı təmsil edən nümayəndə heyətinin rəhbəri Mixail Rukaşvili: «İkinci ildir bu festivalda iştirak edirik. Çox maraqlı bir tədbirdir və olduqca yüksək səviyyədə təşkil olunub. Burada özümüzü evimizdəki kimi hiss edirik. Çünki bizə münasibətdə mehriban və diqqətlidirlər».
Qazaxıstandan «Şalkma» xalq rəqs ansamblının rəhbəri Şarip Aigerim: «İlk dəfədir bu festivalda iştirak edirik. Çox festivallarda qatılmışıq. Amma region səviyyəsində ilk dəfədir ki, belə yüksək təşkilatçılığın şahidi oluruq. Hələlik Masallını gəzmək, görmək imkanımız olmayıb. Amma qaldığımız hoteldə bizi çox gözəl qarşıladılar. Təbiət də gözəldir. İnşallah, tədbirdən sonra bir neçə gün qalıb şəhəri gəzəcəyik».
Latviya Respublikasını təmsil edən qrupun rəhbəri Arnest Bildviç: «Latviya Masallıda keçirilən ötən iki festivallarda da iştirak edib. Bu il ölkəni bu möhtəşəm tədbirdə təmsil etmək bizim qrupa həvalə edildi. Azərbaycana ilk səfərimizdir. Gözəl bir ölkədir. Təbiəti, insanları, mətbəxi xoş təəssüratlar yaradır. Azərbaycana çəkinmədən bir Avropa ölkəsi də demək olar. Çünki modern ölkədir».
Bu gün Masallıya dünyanı gətiririk
Azərbaycanı festivalda təmsil edən folklor ansambllarından biri də Masallının «Halay» folklor kollektivi idi. Kollektiv iki qrupdan ibarətdir: «Halay gənclər» və «Halay veteranlar». Kollektivin bədii rəhbəri Natəvan Əliyeva deyir ki, kollektiv Mahmudavar kənd mədəniyyət evində Ümmulbanu Cəbiyeva tərəfindən yaradılıb. Qrupun yaşlı üzvləri «Halay veteranlar» qrupunda fəaliyyət göstərir: «Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq festivallarda iştirak edirik. Bu gün isə Masallıya dünyanı gətiririk. Çox sevinirik. Çünki artıq üçüncü ildir ki, beynəlxalq səviyyəli möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Çalışırıq rayonumuza gələn hər bir qonaq bizdən razı getsin».
Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova: «Balakən rayonu bu il Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları» layihəsi çərçivəsində Azərbaycanın «Folklor paytaxtı» elan edilib. Biz də bu səbəbdən tədbirin iştirakçılarından biriyik. Festivalda Balakəndən iki qrup çıxış edir. Bunlardan biri avarlara məxsus «Cahan» folklor qrupu, digəri isə gənclərdən ibarət «Sənəm» halayçı qrupudur. Folklor paytaxtı kimi belə bir festivala qatılmağımız çox sevindiricidir. Gələcəkdə belə bir tədbirə ev sahibliyi etməyi biz də istərdik».
Fəxriyyə Abdullayeva