Tanınmış rəssam Mehriban Əfəndi “International Surrealism Now” layihəsinin növbəti sərgisində Azərbaycanı təmsil edəcək. Avqustun 9-dan sentyabrın 6-dək Portuqaliyanın Portu şəhərində “Vieira Portuense” adlı qalereyada keçiriləcək sərgidə rəssam “Mirriad” adlı əsəri ilə iştirak edəcək.
Rəssam bildirib ki, budəfəki sərgiyə 28 ölkənin təmsilçiləri qatılacaq. Sərgidə rəsm əsərlərindən başqa, foto, heykəltəraşlıq və rəqəmsal yaradıcılıq nümunələri də nümayiş olunacaq.
Qeyd edək ki, rəssam Mehriban Əfəndi bu layihəyə 2010-cu ildə Bissaya Barreto Fondunun sponsorluğu və layihənin rəhbəri məşhur Portuqaliya rəssamı Santiago Riberonun xüsusi dəvəti ilə qatılıb. Layihənin məqsədi Salvador Dalidən sonra müasir dövrdə yaşayıb-yaradan professional sürrealistləri bir araya gətirmək və onları dünyada tanıtmaqdır.