Ağa Mehdiyevin peyzajları lirik, emosionaldır, ovqatlı, və lakonikdir, tablolarında tamaşaçı ilə mehriban, insani söhbət xüsusi əhəmiyyət kəsb edir
Azərbaycanın görkəmli fırça ustası, Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev 1920-ci ildə Lahıcda anadan olmuşdur. Rəssam doğma dağlıq diyarına, onun təbiət və adamlarına olan məhəbbətini bütün ömrü boyu öz əsərlərində yaşatmış və bu məhəbbətdən qaynaqlanaraq yeni-yeni ilham mənbəyi tapmışdır. Lahıc, lahıclı oğlan və qızlar, dağlar, çobanlar və yaylaqlar onun ən sevimli motivləridir. Rəssam onları xüsusi səmimiyyətlə, tükənməz maraqla, ürək döyüntüsü və həyəcanla təsvir edir.
Ağa Mehdiyev 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra qaynar sənət aləminə qoşulmuşdur. 1938-ci ildən etibarən bütün respublika və bir çox ümumittifaq sərgilərində daim iştirak etmişdir. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da böyük həvəslə çalışırdı. Rəssamın “Savadlılar ailəsi”, “Köhnə neft mədənlərində”, “Qudok” qəzeti redaksiyasında”, “Qatır Məmmədin dəstəsi”, “Balaca çoban” kimi ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi ustalıqla təsvir olunmuşdur. Yaradıcılıq yolunun başlanğıcından ömrünün sonuna kimi onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır, peyzajları isə təbiətlə ünsiyyətdən alınan təəssüratlardan yaranmışdır.
Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuş, sənətini yeni yaradıcılıq nailiyyətləri ilə zənginləşdirmiş, peşəkar ustalığının təkmilləşməsinə kömək etmişdir. Bu səfərin parlaq təəssüratı onun “Türkiyə səfəri” (1962) adlı fərdi sərgisində, eləcə də “Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə” (1964) adlı sərgidə öz əksini tapmışdır. Türkiyə silsiləsi tamaşaçılar və sənətşünaslar tərəfindən haqlı olaraq bəyənilmiş; rəssamın nüfuzetmə qabiliyyəti, bu ölkəyə və onun təbiətinə xeyirxah marağı, peşəkar yetkinliyi qeyd edilmişdir. Əsərlərdə kompozisiya poetikliyi, kolorit zənginliyi, peyzajda işıq-hava mühitinin bacarıqla verilməsi kimi elementlər diqqəti cəlb edir. Bu silsilədən olan bir çox əsərlər muzey ekspozisiyalarına daxil olmuşdur.
Ağa Mehdiyev təhkiyəçilikdən çəkinir, onu təkcə hadisələrin təsviri maraqlandırmır, həm də fikirlər və hisslər mühitinə nüfuz edilməsi, personajların emosional vəziyyəti özünə cəlb edir. Süjetin konkretliyi prinsipinə sadiq qalan sənətkarın tablolarında tamaşaçı ilə mehriban, insani söhbət getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Rəssamın “Rəfiqələr” tablosunun qəhrəmanlarını əməl ümumiliyi deyil, mənəvi yaxınlıq, qarşılıqlı anlaşma birləşdirirsə, “Yolasalmalar” tablosunda hisslərin süjetli qamması aşkara çıxır. “Bahar çağırır” əsərində qəhrəmanın xarakteri təkcə işdə ifadə olunmur, bu xarakteri rəfiqələrinin ona münasibəti müəyyən edir.
Ağa Mehdiyevin tablolarında plastik qadın obrazları xüsusi məftunluqla ifadə olunmuşdur; onlarda yumşaq məlahət, qabarıq görünməyən gözəllik, xətlərin zərifliyi üstünlük təşkil edir ki, bunların kökü ənənəvi Azərbaycan miniatürlərinə bağlanır.
Rəssam çox vaxt öz kompozisiyalarını rəng ləkələrinin vasitəsilə incə və dərin düşüncə tələb edən müqayisə üsulunda qurur. “Kitab oxuyan qadın” tablosunda obraz lakonik üsulla həll edilmişdir. Lakin o, sayrışan, rəngdən-rəngə düşən çəhrayı, açıq çəhrayı, açıq sürməyi fonda verilmişdir ki, bu da rəsmə lirik əhval gətirir. “Səhər” tablosu tamamilə başqa bir tərzdə işlənmişdir. Oturmuş qadının arxasındakı qapı açıqdır. Fiqur səma fonunda təsvir olunmuşdur. Tabloda başlıca cəhət - ritmlərin dəqiq qrafikliyindən, rəng həllinin cəsarətli təzadından ibarətdir.
Ağa Mehdiyevin janrlı səhnələrində sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilmişdir. “Tikişçi” tablosunda rənglərdən yaranmış səthin lətifliyi, rəng təzadları diqqəti cəlb edir. Çox da tünd olmayan qırmızı fonda gənc qadının şəvə kimi qara saçları, qara paltarı, əlinin və üzünün ağlığı akkord kimi səslənir. Qadın biçilmiş kiçik bir parçanı sığallayır. Həm bu sakit, adi görünən məşğuliyyət, həm girdə zərif sifəti, həm də onun bütün siması tabloya bir hərarət, bir şəfqətlilik gətirir. Xətlərin rəssama xas olan ahəngdarlığı “Nar yığımı” tablosunda rəng təzadları ilə xüsusi təcəssüm etdirilir.
Zəhmətkeş heyvandarların əməyinə həsr olunmuş “Uca dağlar başında”, “Qayğı” tablolarında insan ilə təbiətin vəhdəti elə verilmişdir ki, məhz bu ahəngdarlıq həmin əsərlərin başlıca ana xətti təsirini bağışlayır. Forma dəqiq planlarının bir-birini əvəz etməsi, lokal tonların sakit, yumşaq nisbətləri bürkülü gün, dinc axşam duyğusu yaradır.
Rəssam xalqın məişət səhnəsini təsvir edərkən öz yerlilərinin istedadını, onların mənəvi aləminin zənginliyini də xüsusi üsullarla nəzərə çarpdırır. “Kamançaçı qız” necə də şövqlə ifa edir. “Yaylaqda” tablosunda zəhmət günündən sonra dincələn ailənin rahat istirahət aləminin xoş mənzərəsinə musiqi necə də təbii tərzdə uyuşur; uşağın dizləri üzərindəki tranzistor da, divardan asılmış musiqi aləti də təsadüfi olmayıb, məna yükünə malikdir.
Xalq bayramı şənliklərinin parlaq, əlvan mənzərəsinin təsviri rəssamın yaradıcılığında onun üçün zəngin imkanlar açır: bayram şənliklərində qədim adət-ənənələrlə nizamlanan yarışlar onun ən çox xoşladığı mövzulardandır. “Xalq bayramı”, “Güləş”, “Kəndirbaz” tablolarında hər detal məhəbbətlə yaradılmış və müəyyən funksiya daşıyır. Bu rəsmlərin dekorativliyi və əlvanlığı bütün mühitdən, tamaşanın özünün təbiətindən doğur. Milli mədəniyyətin elementləri təkcə süjetlərdə deyil, həm də bu əsərlərin bütün rəngkarlıq quruluşunda nəzərə çarpır. “Oyunçular” tablosu da Ağa Mehdiyevin böyük uğuru sayılmalıdır. Kəskinlik, onun kompozisiyasının iti bucaqlar üzərində qurulmuş kəskinliyi personajların gərginlik vəziyyətini, təmkinli ehtirasını gücləndirir. Təzadlı rəng uyarlığı ahəngdar və gözəldir.
Azərbaycan rəssamları arasında repressiyanın acı illərinə ilk dəfə rəngkarlıq əsəri həsr edən Ağa Mehdiyev 1987-ci ildə “37-ci il” tablosunu yaratmışdır. Bu əsərin ideyası sadə və aydındır. Rəssam bu mürəkkəb, faciə mövzusunun çox güclü, obrazlı həllini tapmışdır. Yaşayış mənzilinin möhürlənmiş, yonulmamış taxtalarla mıxlanmış qapısının astanasında qəm-kədərə bürünmüş, əbəs yerə öz sahibini gözləyən bir it uzanmışdır.
Ağa Mehdiyev peyzaj janrında çox məhsuldar və müvəffəqiyyətlə işləyib. Onun peyzajı lirik, emosionaldır, ovqatlı, konkret və lakonikdir. Təbiətin vəziyyətini çox incəliklə tamaşaçıya çatdırır. Peyzajların əsasını həmişə real müşahidələr təşkil edir. Peyzaj janrında rəssam üçün məkan ritmləri, rəng müstəvilərinin naxışı, xətlərin, rənglərin ahəngdarlığı bir mövzu kimi o qədər də vacib deyil. Onun üçün başlıca cəhət ruhi vəziyyəti rəngin musiqisi ilə ifadə etməkdən, tamaşaçının diqqətini gözəllik üzərinə yönəltməkdən, ona təsir etməkdən ibarətdir.
“Kiçik həyət” peyzajının əsasını, rəssamın özünün dediyinə görə, yol təəssüratı təşkil edir. Bu yolu rəssam Göyçaya gedərkən görmüşdür. Lakin həmin həyət kətan üzərində yeni məna qazanmış, daha dərin məzmun kəsb etmişdir. Səhərdir. Firuzə rəngli təmiz səma. Ağ divara yasəmən rəngli işıq şüası düşmüşdür. Ağacların kölgəsindən qaranlıqlaşmış divardan çəpəki işıq zolaqları görünür. Evlərin qızılı rəngə boyanmış damları. Ağacların altındakı torpağın üzərində sıx firuzəyi kölgədən yaranmış qəribə mozaika.
Rəssamın bəzən kiçikhəcmli peyzajları qəribə təsir qüvvəsinə malikdir. “Meşədə” peyzajındakı ağaclar sıx qatı rənglərlə çəkilmişdir. Batmaqda olan günün ilıq işığı yaşıl ağacların gövdələrində sönmək üzrədir. Meşə o qədər canlı təsvir edilmişdir ki, elə bil kətandan axşam sərinliyi gəlir, çürümüş yarpaqların, gün ərzində ağacların qızmış qabığının qoxusu duyulur. “Lahıc” və “Yağışdan sonra” peyzajlarında aydın, təmiz boyalar necə də fərəhlidir: burada hər şey - dağ yamaclarındakı sıx yaşıl yarpaqlar da, dağ kəndinin ala-bəzək küçələri də, kiçik, lakin səliqəli evlər də günəş işığında par-par yanır. “Köhnə həyət” peyzajında rənglərin bayramı yaradılmışdır: burada kölgəyə qərq olmuş eyvanın fonunda çiçəklənən ağac necə də hakim vəziyyət almışdır. Rəssam burada cənub baharının bütün əlvan boyaları ilə təbiətin bahar təzəliyini məharətlə yaratmışdır. “Sakitlik” peyzajında isə titrək rəngin geniş sahəsi təsvir olunmuşdur. Artıq gecədir, hər tərəfdə bir sakitlik, susqunluq hökm sürür.
Ağa Mehdiyevin əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, Yaponiya, Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir, İraq və digər ölkələrdə nümayiş etdirilmişdir. Xalq rəssamı Ağa Mehdiyev 2003-cü ildə vəfat etmişdir.
Könül Vəliyeva,
Azərbaycan Dövlət Rəsm Qalereyasının kütləvi işlər şöbəsinin müdiri