Avqustun 14-dən 21-dək Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə ilk beynəlxalq Qran-pri turniri keçiriləcək. Tədbirdə çoxsaylı qonaqların, dövlət rəsmilərinin iştirakı gözlənilir.
Turnir çərçivəsində Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin fərdi sərgisi açılacaq. Sərgidə rəssamın 14 əsəri nümayiş olunacaq. Qeyd edək ki, rəssam həmçinin beynəlxalq turnirin loqosunun müəllifidir. Xatırladaq ki, rəssamın Sankt-Peterburq, Vyana və Bakıda fərdi sərgiləri təşkil olunub. O, 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb. İstedadlı fırça ustası BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib.