Oktyabrın 2-də “Kiçik QalArt” qalereyasında gənc rəssamlar Vüsalə Ağarazıyeva və Asima Səmədlinin “Seçim” adlı sərgisi açılacaq. Ekspozisiyada Vüsalə Ağarazıyevanın rəngkarlıq əsərləri və Asima Səmədlinin qobelen işləri yer alacaq. Tamaşaçının ruhuna daha yaxın olan sənət istiqamətini seçmək imkanı var. Sərgidə təqdim olunan hər bir iş layihənin kuratoru və rəssamlar tərəfindən ciddi seçimdən keçib. Sərginin kuratoru Məhbarə Abbasovadır.
Gənc rəssamların birgə sərgisi insanın emosional, daxili vəziyyətini, ruh halını gərginlik və sakitlik anında təqdim etməyi qarşıya məqsəd qoyur. Rəssamlardan hər biri öz prizmasından bu mövzuya yaxınlaşıb və onlar üçün yaxın olan formada və incəsənət növündə hisslərini ötürüblər.
Müəlliflər tərəfindən dörd installyasiya da təqdim ediləcək. Noyabrın 2-dək davam edəcək sərgiyə giriş sərbəstdir.