Koreyanın dünya şöhrətli sənətçiləri Bakıda çıxış etdilər

Sentyabrın 30-da Dövlət Akademik Opera və Balet Teatrında Koreya Respublikasının “Gamblerz və Crew”, “Animation Crew” rəqs qrupları ilə “Soul” musiqi qrupunun “Yüksəkliyə uçuş” adlı qala konserti keçirildi. Dünyanın bir sıra ölkələrini əhatə edən “Koreya Festivalı” çərçivəsində təqdim olunan proqram bu ölkənin Azərbaycandakı səfirliyi, Koreya Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdi.
Konsert proqramı Riçard Bax tərəfindən yazılmış “Conatan Livinqston adlı dəniz qağayısı” adlı hekayəsinin hip-hop rəqsi formasında yenidən işlənməsidir. Koreya ənənəvi musiqisinin nümayişi fonunda 24 nəfərdən ibarət heyətin bu hekayəni hip-hop rəqsi formasında təqdimatı böyük marağa səbəb oldu. Qeyd edək ki, konsert Koreyanın dünya şöhrətli hip-hop qruplari olan ”Gamblerz və Crew” və “Animation Crew” komandalarının peşəkar rəqqaslarının iştirakı ilə xüsusi qala şou şəklində hazırlanmışdı. “Animation Crew” beynəlxalq səviyyədə tanınmış pop rəqs kollektividir. 2004-cü ildə yaradılan qrup indiyədək dünyanın bir çox səhnələrində çıxış edib.
Musiqi isə Koreyanın qadınlardan ibarət tanınmış “Season of Soul” qrupu tərəfindən ifa olunurdu. Qrupun solisti isə çıxışı zamanı tamaşaçıları Azərbaycan dilində salamladı. Koreya ənənəvi musiqi və üslubunu təqdim edən qrupun üzvləri müxtəlif xalqların alətlərində öz milli musiqilərini təqdim edərək üstün ifa qabiliyyətlərini nümayiş etdirirlər. Konsertdə “Free style”, “Saliors song” və digər nömrələr tamaşaçıların gur alqışları ilə qarşılandı. Bir sözlə, nümayiş etdirilən möhtəşəm şou tamaşaçılarda gözəl təəssürat yaratdı.
Qeyd edək ki, ənənəvi Koreya Festivalı 2014-cü ildə müxtəlif ölkələrdə, o cümlədən Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Gürcüstan və Azərbaycanda keçirilir. Bu il festivalın ənənəvi musiqi və rəqs, caz, “Bi-Boys” rəqsi, zərb alətlərində ifa, Koreya xalq yaradıcılığı sərgiləri, Koreya tədqiqatları üzrə mühazirə silsiləsi, Koreya dili seminarı və s. olmaqla geniş proqramı var.

M.Sultanova