Xətai Sənət Mərkəzində açılan sərgidən təəssüratlar

Akvarel Azərbaycan təsviri sənətində böyük ənənələrə malik olan sahədir. Hələ XVI əsrdə Təbrizin miniatürçü-rəssamları əlyazmalara illüstrasiyalar yaradarkən müxtəlif texnikalarla yanaşı, sulu boyadan da məharətlə istifadə etmişlər. Bu gün həmin qiymətli rəsm əsərləri dünyanın bir çox muzeylərində, kitabxanalarında qorunub saxlanılmaqdadır.

Azərbaycan incəsənətində akvarelin geniş tətbiqinə XIX əsrin sonu - XX əsrin əvvəllərində - ölkəmizdə realist sənətin əsasının qoyulduğu dövrdə başlanmışdır. Görkəmli sənətkarlardan Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab və başqaları tempera, yaxud akvarellə maraqlı süjetlər, portretlər, real həyat lövhələri işləmişlər. Deməli, realist incəsənətin meydana çıxması və inkişaf etməsi akvarel sənəti ilə sıx bağlı olmuşdur.
XX əsrin əvvəllərində yaşayıb-yaratmış rəssamlarımızın əksəriyyəti öz milli-etnoqrafik məzmunlu rəsmlərini əsasən akvarellə çəkmişlər. Əzim Əzimzadə, Bəhruz Kəngərli, Hüseyn Abbasi, Qeysər Kaşıyeva, Nəcəf Rasim və başqalarının akvarellərində azərbaycanlı məişəti, interyer quruluşu, habelə milli xarakter, sadə insanların məşğuliyyəti parlaq boyalarla, realistcəsinə təsvir edilib. Müasir milli təsviri sənətimiz bu möhtəşəm təməl üzərində bərqərar olmuş, inkişaf edərək təkmilləşmiş, müasir dövrə gəlib çatmışdır.
Akvarel həm də kifayət qədər çətin, zəhmət və məharət tələb edən sənət növüdür. Əgər yağlı boya əsərlərini tələsmədən, lazım gəldikdə üstdən yeni qat rəng yaxmaları vurmaqla işləmək mümkündürsə, akvareldə bu, heç də həmişə uğurlu olmur. Kağız üzərindəki su qurumadan rəssam kompozisiyanın əsas elementlərini fırça ilə işləməli, səmanın ənginliyinə, səth üzərində əks olunaraq bərq vuran işıq şüasının canlı təsir bağışlamasına vaxt itirmədən, çox zaman əsaslı düzəliş etmədən nail olmalıdır. Əlbəttə, bütün bunlar xüsusi vərdişlər, hazırlıq tələb edir. Ona görə də həqiqi akvarel texnikasını mənimsəmək, bu texnikada canlı, həyati lövhələr yaratmaq hər rəssama nəsib olmur.
Fərəhli haldır ki, son illərdə ölkəmizdə akvarel sənətinə maraq xeyli artmışdır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin, onun ayrı-ayrı strukturlarının, xüsusilə Dövlət Rəsm Qalereyasının, həmçinin Xətai Sənət Mərkəzinin rolu əhəmiyyətlidir. Oktyabrın 21-də Xətai Sənət Mərkəzində açılan akvarel sərgisi bunun əyani nümunəsidir. Layihə çərçivəsində ümumilikdə 400-dən artıq iş nəzərdən keçirilmiş, onlardan 100-dən çox əsər seçilərək ekspozisiyaya daxil edilmişdir.
Sərgidə yaşlı və orta nəsli, həmçinin gənc nəsli təmsil edən Azərbaycan rəssamlarının akvarelləri nümayiş etdirilir. Olduqca canlı təsir bağışlayan, rəngarəng kolorit həlli ilə diqqətçəkən bu rəsmlər akvarel sənətinin ölkəmizdə istedadlı təmsilçilərinin olduğunu aşkara çıxarır. Raul Hüseynov, Cəlal Ağayev, Yusif Mirzə, Əjdər Sadıqov, Həsənağa Ağayev və başqalarının sərgilənən akvarelləri müasir Azərbaycan təsviri sənətində bu texnikada işlənmiş ən yaddaqalan əsərlər cərgəsindədir.
Əsasən mənzərə janrında akvarel nümunələri yaradan tanınmış rəssam Raul Hüseynovun işləri maraq doğurur. Rəssamın «Qayıqlar» kompozisiyası sadə, eyni zamanda orijinal ifadə tərzi ilə diqqət çəkir. Sahildən bir qədər aralı dayanmış iki qayıq bu sadə kompozisiyanın əsas bədii elementləridir. Dənizin dalğasız səthi, lal sükuta bələnmiş buludlu səma, su üzündə donub qalmış qayıqların sakit görünüşü arxa plandakı sahil, bir qədər dumanlı şəhər görüntüsü ilə maraqlı ahəngdarlıq təşkil edir və lirik ovqat yaradır.
Əjdər Sadıqovun akvarellərində əsasən şəhər mənzərələri - İçərişəhər görüntüləri təsvir olunur. O, rəsmlərdə açıq tonlara, bol günəş şüalarına üstünlük verir. Bu cəhət onun əsərlərini plener üslubuna yaxınlaşdırır. Parlaq günəş şüaları, açıq, əlvan rənglər İçərişəhərin qədim daşlarının, tikililərinin üzərinə düşərək onlara sanki isti-ilıq nəfəs bəxş edir.
İstedadlı akvarelçi-rəssam Oqtay Murtuzayevin də rəsmləri maraq doğurur. Onun mövzu dairəsi xeyli əhatəli olub, müxtəlif tipli mənzərə, tematik janrları, həmçinin akvarel texnikası üçün ənənəvi olan natürmortu əhatə edir. Sərgidə rəssamın şəhər və sənaye mənzərəsi janrlarına aid diqqətçəkən rəsmləri göstərilir. Nisbətən tutqun, qara tonlarla işlənmiş bir rəsmdə şəhər mənzərəsi, evlər və hasarlar, onların arasında isə boş küçə təsvir olunmuşdur. İnsanda həyəcanlı emosiyalar yaradan bu sükunətli, eyni zamanda özündə gizli dramatik səciyyə ehtiva edən görüntünün klassik sənətə xas olan magik romantizm ənənələri ilə müəyyən oxşarlığı vardır.
Azad Şıxəliyevin əsasən köhnə Bakı seriyasında işlənmiş rəngarəng kompozisiyaları da diqqəti cəlb edir. Onun rəsmlərində doğma şəhərin tarixi görüntüləri mahiyyətcə simvolik səciyyə daşıyan milli-dekorativ üslubda təqdim olunur. Bu tablolarda dekorativizmə xas olan isti koloritin üstün olduğu əlvan Şərq palitrası, kölgə-işıq effektinin rəng tonları ilə əvəzlənməsi üstündür. Rəssamın milli-bədii simvollar kimi istinad etdiyi əsas xarakterik detallar Qız qalası, günbəz və minarələr, diş-diş qala divarları, bürclərdir.
Novruz Allahverdiyev geniş mövzu diapazonuna, əhatəli maraq dairəsinə malik sənətkardır. Rəssam Bakının, dənizin görüntülərini çəkir, portret, natürmort və tematik janrlara müraciət edir. Yaradıcılığında realist üslubda təsvir edilmiş tarixi-memarlıq abidələri xüsusi yer tutur. İçərişəhərin köhnəlmiş, lakin ilkin əzəmətini itirməmiş qədim binalarının təsviri tamaşaçıları duyğulandırır, onların qəlbində xatirələr, kövrək hisslər oyadır. Sanki əsrlərin daş yaddaşından süzülüb gələn həzin melodiya yenidən daşlaşaraq tabloya həkk olmuşdur.
Sərgidə tanınmış rəssam Sabir Çopuroğlunun rəsmləri də yer alıb. Rəssamın yaradıcılığının maraqlı cəhəti bundan ibarətdir ki, o, neftlə işləyir, rəsmlərini rəng əvəzinə neftlə çəkir. Bu «neftli» kompozisiyalarda rəssam Abşeronun neft buruqlarını, mədənləri, habelə tarixi-memarlıq abidələrini, milli musiqi alətlərimizi, məişətimizi təsvir edir. Neftlə işlənməsinə baxmayaraq, bu əsərləri rəngsiz adlandırmaq olmaz. Əsərlərdəki milli səciyyə, hər birimizə yaxşı tanış olan doğma Azərbaycan dünyası bu tablolara özünəməxsus kolorit, əlvanlıq bəxş edir.
Sabir Çopuroğlunun neftlə işlənmiş, milli musiqi alətlərimizin - tarın, qavalın, eləcə də xalçaların, ətirli narların təsvir edildiyi natürmortları da böyük mənəvi-emosional təsir gücünə malikdir.
Sərgilənən rəngarəng işlər müasir dövrdə sulu boya janrının məzmunca yetkinləşməsindən, özünəməxsus milli çalarlar kəsb etməsindən xəbər verir. Cəlal Ağayevin tematik rəsmləri, Yusif Mirzənin milli-dekorativ üslubda işlənmiş zəngin koloritli kompozisiyaları, Həsənağa Ağayevin mənzərə janrına, əmək, neft mövzularına həsr olunmuş canlı akvarelləri çağdaş sulu boya sənətimizin layiqli nümunələri cərgəsindədir.

Xəzər Zeynalov,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent