Elmi texnologiyanın sürətlə inkişaf etdiyi müasir zamanda kimisə təəccübləndirmək çətindir. Təsviri incəsənətdə, xüsusən də rəngkarlıq kimi ənənəvi incəsənət növündə. Elə təsəvvür edirsən ki, hər şey olub keçmiş, hər şeyi artıq görmüşlər.

Lakin Kamal Əlizadənin emalatxanasına gələn hər kəs gördüklərindən təsirlənir. Heç şübhəsiz, yağlı boya və akril ilə çəkilmiş bu rəngkarlıq nümunələrində həvəskar dəst-xəttinə xas olmayan bədii-texniki ustalığın nümayişini hiss edirsən. Bizcə, əslində, bütün bunları və tabloların müəllifini Tanrımızın bizləri yeni istedadla görüşdürmək iradəsinin ifadəsi hesab etmək olardı.
Kamal Əlizadə 1992-ci ilin iyulun 1-də Bakıda anadan olmuşdur. Orta təhsilini 236 saylı məktəbdə aldıqdan sonra Kiyev Beynəlxalq İdarəetmə Akademiyasının beynəlxalq münasibətlər ixtisasına qəbul olunub, hazırda III kursda qiyabi təhsil alır. Kamal dünyaya göz açanda ətrafında əlvan rəngləri, müxtəlif rəssamlıq ləvazimatlarını görmüş və yaşıdlarından fərqli olaraq onlara biganəlik göstərməmişdir. Uşaq yaşlarından müxtəlif kağız, karton üzərində rənglər vasitəsi ilə kiçik kompozisiyaları yerinə yetirmişdir. Rəssamlıq təhsili almayan və heç kimin onun bu sənətdə istiqamət vermədiyini nəzərə alsaq, onun kompozisiyalarında bir ahəngin, inanılmaz bir rəng vəhdətinin mövcudluğunun şahidi olursan. Kamal öz iç dünyasını rənglər vasitəsi ilə söyləyir. Sakit tərzə malik olan gənc sənətdə heç bir rəssamı təqlid etmir, yalnız öz ideyasını obrazsız rənglərin dili ilə canlandırır. Bu Allahın ona bəxş etdiyi nemətdir. Kamal böyük ölçülü kətanda, kartonda və vatman kağızında rənglər vasitəsi ilə öz kompozisiyalarını, rənglər fəlsəfəsini yaradır.
Aydındır ki, öz daxili aləminin obrazlarını vizuallaşdırmaqla müəllif mücərrəd tamaşaçı ilə dialoq qurmaq və ona özü haqda danışmaq məqsədi daşımır. Burada daha çox daxili aləmin simvollarının rasional dərki üçün minimal cəhd göstərməklə, onların plastik və rəng quruluşunu ifadə etmək məqsədi qarşıya qoyulmuşdur. Bu əsərlərdə həvəskar rəssamın şüuraltı obrazları və görüntüləri rənglər vasitəsi ilə tamaşaçıya təqdim edilir. Bu əsərlərdəki maraqlı məqamlardan biri də odur ki, onları seyr edərkən hər kəs öz görmək istədiyini görə bilir, sanki bu rənglər məhz sənin beynindəki fikirlərin əlvan təzahürüdür.
Kamalın əsərlərindəki təhtəlşüur aləmi təkcə mücərrəd, qeyri-fiqurativ rəng və həyat hadisələri şəklində qeyri-iradi yaradılmış axından boylanan, sonadək anlaşılmayan, lakin sabit simvollar kimi təzahür edir. Kamal yalnız bu qeyri-iradi yaradılan axını estetləşdirərək anları forma, xətt və rənglərlə ifadə edir, buradan təzahür edən ideya, məzmun və simvolların şərhini isə açıq saxlayaraq, bu işi tamaşaçının öhdəsinə buraxır.
Rəssamın kətan üzərində yaratdığı həyəcan verici duyğular paradoksal bir şəklidə estetizmə transformasiya olunur və realist mənzərə birdən-birə mücərrəd kompozisiya, xalis bədii oyuna - rəng ilə işığın, həcmin və müstəvilərin oyununa çevrilir. Əşyaların bir dəfə bərqərar olmuş nizamına, müvafiq struktura dönə-dönə müraciət edən rəssam kətan parçasının hüdudları daxilində rənglər, boyalar ilə şahmat taxtası hüdudlarında olduğu kimi manipulyasiya edir. Onun daxili səbəbləri aldadıcıdır, onun əsərlərində bir qeyri-realıq var, çox zəngin koloristik improvizasiyalar isə nəticə etibarilə gözqamaşdırıcı al-əlvan rənglərə çevrilir.
Rəssamın xəyali görümü öz əksini təkcə obrazların məzmununun mənasında deyil (onların reallığı müəllif üçün tamamilə aydındır), plastik təsvir üslubunda, şəffaf xətlərdə, rəng qammalarında tapır. Rəssamın "Kompozisiya", "Xülyalar", "Rəng aləmi", "Arzu qanadlarında" “Payız” və b. əsərləri bu üslubda yerinə yetirilmiş real obrazlar qeyri-real kontekstdə və mühitdə təsvir edilmişdir.
Təsvir edilən obrazlar xatirə parçalarından, zaman və məkan xaricində mövcud olan surət və personajların təəssüratlarından ibarətdir. Bu əsərlərdəki obraz və ideyaların bir cür oxunuşu qeyri-mümkündür. Onların birmənalı oxunuş qaydası müəllifin özünə də naməlumdur. Kompozisiyadakı xaotiklik rəssamın düşünülmüş fikrinin məntiqi nəticəsi deyildir. Rəsm zamanı boş səthin uşaq kimi sadəlövhcəsinə təsadüfi obrazlarla doldurulmasının kökünü də elə burada axtarmaq lazımdır. Kamalın kompozisiyalarının rəng həllində qırmızı, qara, yaşıl, göy, ağ rənglər üstünlük təşkil edir. Bu işlərdə əsərin həllinin uğurunu təmin edəcək detal seçimi və rəng çalarları seçilmişdir. Obyektivlik burada yalnız emosional-bədii əhvali-ruhiyyədə reallaşaraq, rəng və formaların sakit və lirik harmoniyasında təzahür edir. Kəskin kontrastlara, rəng dissonanslarına və formaların ekspressiv dinamikasına rast gəlmirik. Bütün bunlar onun əsərlərinə görünən həzinlik və musiqilik gətirir. Bu əsərlərdə harmoniya və sakitliyin hakim kəsildiyi gizli daxili aləm öz əksini tapmışdır.
Gənc həvəskar rəssamın “Payız” tablosunda təsvir olunmuş əsrarəngiz gözəlik, sarı və narıncı rənglərin vəhdətindən yaranan kolorit olduqca uğurlu və inandırıcıdır. Payız rənglərinin birinin üzərində qopub düşən bir yarpaq təsvir edilmişdir. Müəllif bu fəsil özəlliyini bir yarpağı payız rənglərinin fonunda verməklə kifayətlənmişdir.
Kamalı fərqləndirən bir cəhət də odur ki, o, yalnız öz beyninin, düşüncəsinin məhsulunu kətana və kağıza köçürür. Ümumiyyətlə, həvəskar rəssamın əsərlərindən alınan təəssürat çox ahəngdardır.

Samir Sadıqov,
sənətşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar