Sərgidə həvəskar rəssam və modelyerlərin əl işləri nümayiş olunur

Dekabrın 3-də Muzey Mərkəzində “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisinin açılışı oldu. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilən sərgidə həvəskar rəssam və modelyerlərin - ümumilikdə 20 müəllifin 120-dən çox əl işi sərgilənir.

Tədbiri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov açaraq sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, milli geyimlərimiz Azərbaycan xalqının mədəni inkişafının nəticəsi olaraq özünəməxsus keyfiyyətləri ehtiva edir.
Tanınmış modelyer Fəxriyyə Xələfova sərginin təşkilini yüksək qiymətləndirdi. Bildirdi ki, nümayiş olunan işlər mənəvi zövq aşılamaqla yanaşı, həm də keçmişimizə bir baxışdır. Milli geyim tariximiz maraqlı və zəngindir. Bu sərgi də gənc mütəxəssislərin mövzuya daha çox maraq göstərmələrinə təkan verəcək. Milli geyimlərimiz müasir dövrümüzə gəlib çatdığı kimi, gələcək nəsillərə də ötürülməli, proses davamlı olmalı və yeni kolleksiyalar yaradılmalıdır.
Fəxriyyə Xələfova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini mühüm hadisə adlandırdı: “Bu, milli geyimimizə xas olan hər atributun böyük mənası və dəyəri olduğunu bir daha təsdiqləyir. Bu gün baxdığımız milli geyimlər XIX əsrə və XX yüzilliyin əvvəllərinə aid olub, o dövrün son modelləridir. Lakin axtarışların, zövqün, bacarığın nəticəsi olaraq yeni detallar tapmaq mümkündür. Nümayiş olunan hər işin arxasında yaradıcı insan və onun zəhməti dayanır”.
Tədbirdə çıxış edən professorlar Kübra Əliyeva, Səbirə Dünyamalıyeva, modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Azərbaycan Ağsaqqallar Şurası idarə heyətinin üzvü Cahangir Qocayev sərginin milli mədəniyyətimizin nümayişi baxımından çox əhəmiyyətli olduğunu bildirdilər. Gələcəkdə Azərbaycan milli geyimlərinin bədii dekorativ xüsusiyyətlərinin standartlarının öyrənilməsi üçün treninqlərin təşkilinin vacibliyi vurğulandı. Tarixi geyimlərimizə yanaşma böyük məsuliyyət tələb edir. Bu sahədə mütəxəssislər araşdırmalar aparmalı və geyim ornamentlərindən istifadə edilərkən onların hər birinin ifadə vasitələrinə və məna çalarlarına diqqət yetirilməlidir.
Sərgidə geyimləri nümayiş olunan modelyer və rəssamlara fəxri fərman və hədiyyələr təqdim edildi. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar