Dekabrın 9-da Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı keçirildi.

Mərasimi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev açaraq rəssamın yaradıcılıq yoluna nəzər saldı. Qeyd etdi ki, Sirus Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətimizin zənginləşməsində xidmətləri olan rəssamlardandır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyar sənətkarın Azərbaycan rəssamlıq məktəbinə verdiyi töhfələrdən söz açdı: "Təxminən 30 ilə yaxın müddətdə tanıdığım Sirus Mirzəzadə ömrünü sənətə həsr edən bir rəssamdır. Onun özünəməxsus sənət dünyası, sevdiyi rəng palitrası var. Sirus Mirzəzadə həm də son dərəcə zövqlü rəssam və insandır. Onun yaradıcılığı və yaşam tərzi, insani keyfiyyətləri hər kəsə nümunə ola bilər".
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sənət həmkarı ilə birlikdə keçən gənclik xatirələrindən danışdı. Vurğuladı ki, o öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaratmağı bacarıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, Xalq rəssamı Arif Hüseynov yubilyarın yüksək istedada, əsərlərinin böyük bədii zövqə malik olduğunu vurğuladılar. Qeyd etdilər ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərən rəssam yeni yaradıcı nəslin yetişməsində səylərini əsirgəmir. Çıxış edənlər Sirus Mirzəzadəyə yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda yubilyar sərginin təşkil olunmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.

Tədbir iştirakçıları sərgi ilə tanış oldular. Uzun müddət sənətsevərlərin yaddaşında qalacaq bu sərgidə rəssamın müxtəlif janrlarda 80-dən artıq boyakarlıq və 60-dək qrafik əsərləri nümayiş olunur.
Qeyd edək ki, Sirus Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali Rəssamlıq Məktəbini bitirib. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir. Təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransa və Türkiyədə fərdi sərgiləri keçirilib. 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. Əsərləri bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar