Mikayıl Abdullayev həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mikayıl Abdullayev əlinə fırça aldığı gündən rənglər aləminə əbədi məhəbbətlə bağlandı. Hər bir mövzunu kətan üzərində elə ustalıqla işlədi ki, istedadlı rəssam üçün siyasi quruluş, zaman anlayışı olmadı. Yaradıcılığının “qızıl dövrü” sovet dövrünə təsadüf etsə də, o elə əsərlər yaratdı ki, diktələrə boyun əymədi, vaxtdan yuxarıda dayandı. Fırçasından süzülən sənət incilərinin hər biri əbədiyaşarlıq qazandı.

M.Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca duyumlu, vətənpərvər, uzaqgörən sənətkar idi. Rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, yaratdığı mənzərələr qəlbə xoş təsir bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi. O, təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq janrlarında elə əsərlər yaratmışdır ki, bütün zamanlarda baxımlı və maraqlıdır. Əsərlərinə sakit baxıb keçmək olmur, hər bir ştrixi, xətti, rəngi düşündürücüdür.
1921-ci ilin dekabrın 19-da Bakıda fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. II Dünya müharibəsinin başlanması ilə Moskvadakı təhsilini yarımçıq qoymağa məcbur olub. O illərdə yaradıcılığının istiqaməti də dəyişmişdi. Rəssam düşmənə qarşı fırçası ilə döyüşürdü. Alman faşizmini ifşa edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirirdi. Müharibədən sonra Moskvada ali təhsilini tamamlayan bakılı balası dünya şöhrətli rəssamlar İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs almışdır. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində "Axşam" əsəri gənc rəssama böyük uğur gətirdi, sənət qələbələri bir-birini əvəz etməyə başladı. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilərdə nümayiş etdirildi. İlk fərdi sərgisi də Moskvada keçirildi.
O, Bakıya qayıdanda artıq tanınan, sevilən rəssamlardan biri idi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən M.Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan M.Abdullayev həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçırdı. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də bütün əsərlərində ifadəlilik hökm sürür. Qəhrəmanları çox olsa da, onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu iş Mikayıl Abdullayevə tapşırılmışdı. Beləliklə, Azərbaycanda ilk dəfə Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəksin.
Sonralar qələmə aldığı "Unudulmaz obraz" adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: "Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir. Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüs arası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi".
Rəssamın yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutur. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində "Benqal qızları", "Racəstan qadınları", "Qoşa əfqan", "C.Mansu" kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilir. Əsasən tematik tablolar ustası kimi tanınan M.Abdullayev portretlər qalereyası da yaratmışdır. "Ü.Hacıbəyli", "Səməd Vurğun", "M.F.Axundov", "M.P.Vaqif", "İmadəddin Nəsimi", "Pianoçu F.Bədəlbəyli", "Yunis İmrə" və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarmışdır.
M.Abdullayev bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi də tanınır. Azərbaycan rəssamları arasında ikinci fırça ustası tapılmaz ki, yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına bu qədər möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və şairlərədək bir çox sənətkarların həm portretlərini yaratmış, həm də əsərlərinə illüstrasiyalar çəkmişdir. "Dədə Qorqud" dastanına, Nizaminin "Xəmsə"sinə, Füzulinin "Leyli və Məcnun" poemasına, Mirzə İbrahimovun "Gələcək gün", Süleyman Rəhimovun "Şamo" romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənir.
Bakı metrosunun "Nizami" stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır.
Rəssamın 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi “Nakamların dəfni” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Kim bilir, onun daha hansı arzu və niyyətləri tablolara köçmədən qaldı?
Hələ sovet dövründə M.Abdullayevin əsərləri dünyanın bir çox şəhərlərində - Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirədə nümayiş etdirilmişdir. Almaniyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamın fərdi sərgisi də keçirilmişdir. O, Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi sənətkar idi. Rəssamın təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, gecə-gündüz apardığı axtarışlar, qatlaşdığı zəhmət hədər getmədi. O, müxtəlif təltiflərə, SSRİ Xalq rəssamı fəxri adına, SSRİ Dövlət mükafatına və C.Nehru adına beynəlxalq mükafata layiq görüldü.
M.Abdullayev doğma vətəni qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvanlığı ilə diqqət çəkir. "Masallı süitası", "Balaca çoban", "Məktəbli qızlar" və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri - "Sevinc" lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Dünya sərgisində gümüş medala layiq görülmüşdür. Əlbəttə, o dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən, "Azərbaycan çöllərində", "Masallı qızları", "Lənkəranlı qız", "Çəltik becərənlər", "Tarlada", "Abşeronda", "Xaçmaz qızları", "Qarabağlı qızlar", "Astarada çay yığımı" və s. əsərlərdə də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirmişdir. Bu əsərlərindəki dinamiklik, kolorit diqqət çəkir. Rəssam 1974-cü ildə məhz bu tablolarına görə Azərbaycan Dövlət mükafatına layiq görüldü. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən M.Abdullayev insanlar arasında olmağı çox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra rəssam ümummilli lider Heydər Əliyev tərəfindən "İstiqlal" ordeninə layiq görülmüşdür. Ulu öndərin sevdiyi rəssamların sırasında M.Abdullayevin öz yeri vardır. Xalqımız bu böyük sənətkarla fəxr edir. M.Abdullayevin əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır. Rəssamın 35 boyakarlıq, 14 qrafika əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.
M.Abdullayev fırça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırdı. Ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış etmişdir. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı məqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbətlə qarşılanardı.
Rəssam 2002-ci ilin avqustunda, 81 yaşında vəfat etdi. M.Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salmışdır ki, ardıcılları pərvanə kimi onun işığına gəlirlər.

Lamiyə Əliyeva,
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar