Ötən sayımızda xəbər verdiyimiz kimi, məşhur britaniyalı rejissorlar Kevin Makdonald («Sentyabrda bir gün» sənədli filminə görə Oskar mükafatı) və Ridli Skot («Qladiator» filmi) YouTube videoçarxlardan ibarət tammetrajlı sənədli film çəkmək qərarına gəliblər. «Həyatımızın bir günü» adlanacaq layihənin orijinallığı ondadır ki, dünyanın müxtəlif yerlərində yaşayan insanlar 2010-cu il iyulun 24-də həyatlarının anlarını rəqəmsal kameraya çəkəcək və sonra onu YouTube internet saytında (www.youtube.com/lifeinaday) yerləşdirəcəklər.
   
   İyulun 31-ə kimi bu aksiyaya qoşulanlar çəkdikləri materialları YouTubedə onlar üçün ayrılmış xususi səhifədə yayımlamalıdırlar. Bundan sonra Makdonald bəyəndiyi fraqmentləri seçərək tammetrajlı sənədli film hazırlayacaq. Hər iki rejissor və YouTube internet xidməti bütün dünyanın sakinlərini sosial kino sahəsindəki bu nadir eksperimentə- bütün dünyada eyni gündə çəkiləcək ilk qlobal sənədli filmdə iştiraka çağırır. Aksiyaya, təbii ki, Azərbaycandan da istənlən şəxs qatıla bilər.
   Almaniyanın nüfuzlu nəşri olan «Frankfurter Allgemeine Zeitung» rejissor Kevin Makdonladdan layihə ilə bağlı müsahibə alıb.
   - Bu layihəni reallaşdırmaqda sizin əsas məqsədiniz nədir?
   - Biz bu layihədə bütün dünyadan filmlər toplyacağıq, montaj edəcəyik və bununla da sənədli flmin yeni növünü yaradacağıq. Filmin «Həyatımızın bir günü» adlanması özü hər şeyi deyir. Dünyanın hər yerindən insanlar bizə çəkdikləri materialları göndərəcək və iyulun 24-də dünyanın avtoportreti bəlli olacaq. Biz bütün insanları həmin gündə öz həyatlarını ekranlaşdırmağa çağırırıq. Bu film gələcək nəslə insanların yaşantıları haqda bir növ infomasiya verəcək.
   - Layihənin ideyası kimə məxsusdur?
   - YouTube xidmətinin təşəbbüsünə əsasən mən, Ridli Skot və onun Londondakı şirkəti konsepsiyanı təkmilləşdirdik. Mənim üçün bu layihə, hər şeydən əvvəl, sənət baxımından maraqlıdır. Bizim layihə ilə bağlı heç bir kommersiya məqsədimiz yoxdur. Sadəcə olaraq, YouTube kimi nəhəng sistemin gücündən və imkanlarından istifadə edərək sırf sənətə xidmət edən məhsul ortaya qoyacağıq.
   - Sizin Ridli Skotla əməkdaşlığınız hansı formada olacaq?
    - Skot filmin prodüsseri, mənsə rejissoruyam. Rejissor sözünü klassik mənada anlamaq lazım deyil, çünki mən özümü bu layihədə bir dirijor rolunda və ya təşkilatçı kimi görürəm. Mənim əsas vəzifəm insanları layihə ilə tanış etməkdir. İstəyirik ki, mümkün qədər çox insan bu haqda xəbər tutsun və iştirak etsin. İyulun 24-dən sonra təqdim olunan materialları gözdən keçirərək, onlar əsasında film hazırlayacam.
   - Siz öz karyeranıza sənədli film rejissoru kimi başlamısız. Buna görə də 2000-ci ildə «Oskar» almısız. Amma bir neçə ildir ki, bədii film çəkirsiz. İndi yenidən sənədli film janrına qayıtmaq istəyirsiniz?
   - Mən sənədli film janrını sevirəm. O həyatın elə məsələləri haqda danışır ki, bədii filmin bunu ifadə etməyə əsla gücü yetməz. Gerçək insanın həyatı həmişə qeyri-adidir, həmişə maraq doğurur. Buna görə də sənədli film bədii filmdən fərqli olaraq daha maraqlı və qəribə əhvalatlar nəql edir.
   - Siz layihəyə təqdim olunacaq filmlərdən - videofraqmentlərdən nə gözləyirsiz?
   - Çox istərdim ki, hər iştrakçı 10-20 dəqiqəik film çəksin. Film ən adi şeylərdən bəhs edə bilər: pəncərədən görünən gözəl bir mənzərə, maraqlı hadisə olar bilər, yaxud kimsə səhər oyanıb səfərə hazırlaşırsa, yaxud ailəsi üçün yemək hazrlayırsa, bunu da çəkə bilər. Siyasi bir şey də olması mümkündür, məsələn, ətraf mühitin çirklənməsi və ya Əfqanıstanda müharibənin dəhşəti barədə. Filmlər hər şeydən bəhs edə bilər, eyni zamanda, təqdim olunacaq materiallar bunu çəkən insanın həyatının özəlliyi, detalları barədə xəbər verməlidir, bu mənada seçilməlidir. İnanıram ki, bu filmlərdə hər şey ifadə olunacaq və çəkilənlər fraqmentlərə əsasən bizim müəlliflərin necə insan olması haqda təsəvvürümüz yaranacaq. Məsələn, biləcəyik ki, onlar üçün önəmli olan nədir və ya onları narahat edir. Başqalarına əhəmiyyətsiz görünən detalları da önəmli göstərməyə çalışacağıq.
   - Bu bütün dünyanı əhatə edəcək bir layihədir. Onu necə gerçəkləşdirə biləcəksiniz? Axı, əksər insanların internetə giriş, kamera almağa imkanları yoxdur.
   - Biz yardımçı təşkilatla 500 rəqəmsal kameranı Latın Amerikasının və bəzi kasıb Afrika ölkələrinə paylayacağıq, bununla orda da film çəkmək mümkün olacaq. Sonra bu materiallar toplanacaq. Kameralar həmin gün layihəyə maraq göstərənlərin xidmətində olacaq. Daha sonra yardımçılar materialları bizə göndərəcək.
   - Qısa bir zamanda bu qədər çoxlu materialı necə yekunlaşdırıb film hazırlayacaqsınız?
   - Filmin premyerası Sandens (müstəqil kinonun nümayiş olunduğu Amerika festivalı) festivalında olacaq. Bu festival yanvarın sonunda keçirilir, ona görə də mənim hələ 5 ay vaxtım var.
   - Sandens festivalı da sizin planda iştirak edir?
   - Onlar bizim planımızı dəstəkləyirlər. Bu festivala həmçinin filmin 20 iştirakçısı qatılacaq. Hansı müəllifin filmi bizim xoşumuza gəlsə, festivala onlar gedəcək. Amma filmləri nümayiş olunacaq hər kəs mütləq həmmüəllif olaraq qeydə alınacaq.
   - Özünüz necə, iyulun 24-də həyatınızın bir gününü cəkəcəksiz?
   - Təbii.
   
   Sevda Əliəşrəfqızı