Rəsm müsabiqəsinə yekun vuruldu

Noyabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Azərbaycançılıq və milli şüur ideyası” mövzusunda rəsm müsabiqəsinin yekun tədbiri keçirildi. 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş müsabiqədə regionlarda fəaliyyət göstərən mədəniyyət evlərinin dərnək üzvləri iştirak edib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək layihənin əhəmiyyətindən söz açdı. Bildirildi ki, mütəmadi olaraq nazirlik tərəfindən həyata keçirilən belə layihələr istedadlı gənclərin fəaliyyətinin təşviq olunmasına xidmət edir. Bu qəbildən müsabiqə və sərgilər təsviri sənətə yeni yaradıcı nəslin gəldiyini göstərir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov müsabiqənin regionlarda yaşayan gənc nəslin rəssamlığa, incəsənətə marağının artırılmasında mühüm rol oynayacağını vurğuladılar. Qeyd olundu ki, gənc istedadların yaradıcılıq imkanlarının üzə çıxması üçün dövlət tərəfindən hər cür şərait yaradılır.
Sonra müsabiqənin nəticələri elan olundu. Ümumilikdə 12 nəfər müsabiqə iştirakçısı I-III yerlərə layiq görüldü. Qaliblərə fəxri fərman, həvəsləndirici diplom və hədiyyələr təqdim olundu. Müsabiqəyə qatılanların hər birinə iştirakçı diplomları verildi.
Daha sonra rəsmlərin sərgisinə baxış keçirildi. Qeyd edək ki, müsabiqənin qaliblərini Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Elmi-Metodik Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin əməkdaşı Leyla Mehdiyevadan ibarət münsiflər heyəti müəyyənləşdirib. Müsabiqəyə respublikanın 32 şəhər və rayonunda fəaliyyət göstərən mədəniyyət evi dərnəklərinin 163 üzvü ümumilikdə 217 əl işi təqdim edib.

Fariz