Noyabrın 24-də Əməkdar rəssam, "Humay" və "Qızıl dərviş" mükafatları laureatı İsmayıl Məmmədovun ABŞ-ın Nyu-York şəhərindəki Azərbaycan evində “Bakı və Nyu-York arasında körpü” adlı fərdi sərgisinin açılışı olub. Tədbir BMT yanında Azərbaycanın daimi nümayəndəliyinin və Nyu-Yorkdakı Azərbaycan evinin dəstəyi ilə keçirilib.
Sərgidə rəssamın bu il iyul-noyabr aylarında Nyu-Yorkda çəkdiyi 60-a yaxın əsər nümayiş olunub. Əsərlər pastel, akvarel və sulu boya ilə işlənib. Tədbirdə şəhərin Bruklin rayonunun meri Erik Adams, soydaşlarımız, dağ yəhudiləri, türk, özbək və rus diasporunun nümayəndələri, media işçiləri iştirak ediblər. Azərbaycan evinin rəhbəri Münəvvər Vahabova, Nyu-Yorkda nəşr olunan "Forum" qəzetinin redaktoru Mixail Nemirovski, "My way" mərkəzinin rəhbəri Alyona Bədəlova, Dağ Yəhudiləri Birliyinin rəhbəri Yakov Abramov, heykəltəraş Emin Quliyev və başqaları çıxış edərək sərgi və müəllif haqqında ürək sözlərini söyləyiblər.
Tədbirdə müğənnilər Anar Qaracan, Nərgiz Daltonun canlı ifasında Azərbaycan musiqisi səslənib.
Sərgi noyabrın 30-a qədər davam edəcək.

S.Soltanlı