Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi
Noyabrın 26-da Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.
Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. “Xəyallarla dolu qəlblər” adlı sərgi də belə layihələrdəndir. Fondun vitse-prezidenti Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış olublar.
Tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.
Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirilib. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Sonda uşaqların əl işlərinin satışı təşkil edilib, 15 əsər satılıb. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. 400-dək əl işinin nümayiş olunduğu “Xəyallarla dolu qəlblər” sərgisi iki gün davam edəcək.