Ötən ilin son günü Naxçıvan Rəssamlar Birliyinin üzvləri üçün ikiqat bayram olub. Belə ki, 15 rəssam yeni emalatxanalarla təmin edilib.
Birliyin sədri, millət vəkili Ülviyyə Həmzəyeva qəzetimizə bildirib ki, muxtar respublika rəhbərliyi Naxçıvan şəhərindəki Atatürk prospektində yeni tikilmiş yaşayış binasının birinci qatını rəssamlara emalatxana kimi hədiyyə edib. Naxçıvanda rəssamlara hərtərəfli qayğı göstərilir. 2013-cü ildə Rəssamlar Birliyi üçün üçqatlı bina tikilib və Bəhruz Kəngərli adına sərgi salonu istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində Bəhruz Kəngərli adına rəssamlar parkı salınır.
Ülviyyə Həmzəyevanın sözlərinə görə, bu ilin mayında qədim şəhər “Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalına ev sahibliyi edəcək.
Bildirək ki, Naxçıvan Rəssamlar Birliyinin 52 üzvü var. Onlardan bir nəfər Azərbaycanın Xalq rəssamı, beş nəfər Əməkdar rəssam, beş nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, bir rəssam Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

S.Soltanlı