Mədəniyyətimizin son 10 ildə inkişafı təsviri və dekorativ sənət sahələrində əlamətdar yeniliklər, layihələrlə yadda qalıb, ümumilikdə 500-dən çox yerli və beynəlxalq sərgi keçirilib.

Azərbaycan rəssamlarının əsərləri dünyanın ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə İtaliyada düzənlənən Ümumdünya Təsviri Sənət Sərgisində (Venesiya Biennalesi) Azərbaycan pavilyonun təşkili xüsusilə qeyd edilməlidir. 2009 və 2011-ci illərdə Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı keçirilib.
2011-ci ildə yeni layihənin - Bakı Beynəlxalq Kukla Biennalesinin əsası qoyulub. İki ildən bir düzənlənən sərginin məqsədi dünyanın bu sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində ölkəmizlə əməkdaşlığa cəlb etməkdir.
2008-2013-cü illərdə Azərbaycan təsviri sənətinin inciləri sayılan əsərlər 20-dək xarici ölkədə nümayiş etdirilib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssamlarımız Moskvada “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalında ölkəmizi təmsil ediblər.
Ötən dövrdə Azərbaycan rəssamlığının tanınmış nümayəndələrinin yubiley sərgiləri keçirilib, nəfis tərtibatlı kataloq və kitabları çap edilib. Yaddaqalan tədbirlərdən biri dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyinin (2009) UNESCO səviyyəsində qeyd edilməsidir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gənc rəssamların “X nöqtəsi”, “Gümüş maska”, “Yeni adlar, yeni simalar” və bu sayaq onlarla qrup və fərdi sərgilərin təşkili gənclərə olan qayğının təzahürü kimi dəyərləndirməlidir. 2014-cü ilin iyulunda Şəkidə TÜRKSOY-un 17-ci “Rəssamlar görüşü”nün keçirilməsini də yaddaqalan tədbirlərdən saya bilərik.
2011-ci ildə Berlindəki Qotfrid-Benn Kitabxanasına məxsus bağda Xocalı faciəsinə həsr olunmuş heykəltəraşlıq kompozisiyasının (müəlliflər: Səlhab Məmmədov, Akif Əsgərov, Əli İbadullayev, İbrahim Ehrari) ucaldılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə böyük addımdır. 2012-ci ildə İtaliyanın paytaxtı Romadakı “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (müəlliflər: Səlhab Məmmədov, Əli İbadullayev) açılışı keçirilib. 2013-cü ildə Polşanın Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinə həsr olunmuş “Dostluq” abidəsinin ucaldılması da yaddaqalan hadisələrdəndir.
Son 10 ildə Azərbaycan Dövlət Rəsm Qalereyası bir sıra önəmli işləri gerçəkləşdirib. Ağstafa, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qax, Qusar, Mingəçevir, Neftçala, Sumqayıt, Saatlı, Salyan, Şamaxı, Zaqatala dövlət rəsm qalereyalarının inkişafı, fondlarının zənginləşdirilməsi və komplektləşdirilməsi, müxtəlif tədbirlərin, sərgilərin keçirilməsi, saxlanılan əsərlərin uçotu və mühafizəsi sahəsində işlər görülüb, qalereyaların bina problemləri qismən həllini tapıb. Ağstafa, İsmayıllı və Yardımlı rayonlarında yeni dövlət rəsm qalereyaları yaradılıb. Bununla da dövlət rəsm qalereyalarının sayı 35-ə çatıb.
Sevindiricidir ki, ilk dəfə olaraq ölkədəki dövlət rəsm qalereyalarında saxlanılan əsərlərin vahid elektron kataloqu yaradılıb. Kataloqda rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri olmaqla ümumilikdə 9500-dən çox əsər haqqında bilgi yerləşdirilib.
Təsviri sənətimizin dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi yönündə bir sıra işlər görülüb. “Yarat!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda və xarici ölkələrdə keçirilən bir sıra layihələrin icrasına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək göstərilib. Bundan əlavə, “Art Council” İctimai Birliyi tərəfindən keçirilən 20-yə yaxın sərgiyə təşkilati dəstək verilib. “Xətai” Sənət Mərkəzi ilə birlikdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Akvarel” sərgi-müsabiqəsi, “Bu, sizsiniz” adlı portret yarışması keçirilib.

S.Soltanlı