Zənginliyi və rəngarəngliyi ilə seçilən milli rəqslərimizin tarixi minilliklərin öncəsinə gedib çıxsa da, peşəkar xoreoqrafiya sənətimizin formalaşmasının bir əsrə yaxın tarixi var. 1923-cü ildə Bakıda balet studiyası yaradılıb, 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini burada öyrənib. 1936-cı ildən tədris ocağı Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. Azərbaycanın tanınmış balerinaları, rəqqasları bu məktəbin məzunlarıdır.

2014-cü ilin 30 aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib.
Unikallığı ilə seçilən akademiyada tədris ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində klassik, xalq, idman-bal rəqsləri üzrə aparılır. Milli xoreoqrafiya sənətinin ənənələrini qoruyan, inkişaf etdirən və müasir dünyamızın xoreoqrafiya sənətində əldə etdiyi yeni uğurları öyrənərək tətbiq edən yeganə akademik təhsil kompleksi olan BXA-da baletmeyster sənəti, klassik və milli rəqslər, eləcə də musiqi fənləri, Azərbaycan dili və ədəbiyyatı, xarici dillər və digər kafedralar, Elmi Şura formalaşıb, təhsil səviyyəsinin artırılması məqsədi ilə professor-müəllim heyəti tərəfindən müvafiq tədris planları və proqramları yenidən işlənib, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər hazırlanıb.
Ötən il akademiyada xalq artistləri Qəmər Almaszadənin və Əlibaba Abdullayevin 100 illik yubileylərinə həsr olunmuş elmi-praktik seminarlar təşkil edilib. Qısa zaman ərzində akademiyada aparılan elmi, yaradıcılıq işləri “Sənət Akademiyası” adlı dövri elmi-nəzəri jurnalın çapına imkan yaradıb.
Akademiyanın tələbələri müxtəlif tədbirlərdə, konsert və tamaşalarda fəal iştirak edir. Respublika Günü münasibətilə, “Bakı-2015” I Avropa Oyunları zamanı təşkil edilən kütləvi konsert proqramlarında, Azərbaycan Dövlət Opera və Balet Teatrında Rusiyanın Əməkdar artisti Andrey Merkuryevin iştirakı ilə səhnəyə qoyulan “Jizel” baletində onlar öz məharətlərini göstəriblər. Tələbələr Rusiyanın Həştərxan vilayətində keçirilən yay istedad məktəblərində, baletmeyster Andris Liepanın ustad dərslərində və müxtəlif beynəlxalq müsabiqələrdə iştirak ediblər. Tbilisidə görkəmli baletmeyster Vaxtanq Çabukiani adına beynəlxalq festivalda akademiyanın istedadlı tələbəsi Murad Kərimov I yerə layiq görülüb.
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələri də inkişaf edir. Moskva Xoreoqrafiya Akademiyası, Sankt-Peterburq şəhərində yerləşən A.Y.Vaqanova adına “Rus Baleti” Akademiyası, Moskva Dövlət İncəsənət İnstitutu, M.K.Çurlyönis adına Litva Milli İncəsənət Məktəbi ilə əməkdaşlıq barədə saziş imzalanıb, akademiyada ustad dərslərinin təşkili üçün dünyanın bir çox ölkələrinin xoreoqrafları ilə əlaqələr yaradılıb. Akademiyanın fəaliyyətində uğurlu addımlardan biri də Avropa İncəsənət İnstitutları Liqasına üzv seçilməsidir.
Akademiyanın yüksəkixtisaslı professional müəllim kollektivi Mədəniyyət və Turizm Nazirliyinin müvafiq planına uyğun respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədi ilə ustad dərslər həyata keçirir.

Lalə