Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq
Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanaraq nəşr edilmişdir. Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.
Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının araşdırılması sənətsevərləri yeni-yeni kəşflərlə sevindirir. Təsviri sənətimizdə lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan rəssam ötən əsrin 30-cu illərində respublikanın aparıcı dövri nəşri olan “Kommunist” qəzetində çalışıb. Məşhur rəssam Əzim Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaradıb. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar dövrün əyər-əskiklərini nümayiş etdirir, cəmiyyəti onlarla mübarizəyə səsləyirdi.
Rəssamın sənət yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirən kataloqda 50-dək karikatura yer alıb, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib.