Sumqayıt Dövlət Rəsm Qalereyasında 2 fevral - Gənclər Gününə həsr olunan “Rənglərin arzusu” adlı sərgi açılıb. Sərgi şəhər Mədəniyyət və Turizm İdarəsi, Gənclər və İdman Baş İdarəsi, “Nəqşi-cahan” qalereyası, “Mina qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək”, “Məşəl” əlil və şəhid ailələrinə sosial dəstək” və “Qarabağ əlilləri və veteranları” ictimai birliklərinin birgə təşkilatçılığı ilə keçirilir.
Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, sərginin keçirilməsində məqsəd istedadlı gənc rəssamlara dəstək olmaq və onların incəsənətə marağını daha da artırmaqdır.
Bir həftə davam edəcək sərgidə, ümumilikdə, 300-dək rəngkarlıq işi nümayiş etdirilir. Bu əsərlər arasında natürmort, mənzərə, portret və s. janrlar xüsusi yer tutur.
Açılış mərasimindən sonra sərgiyə baxış olub. Sərgidə iştirak edən gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.