Müxtəlif növ və janrlarda əl işlərindən ibarət kolleksiya yaradılacaq

Fevralın 15-də Keramika Mərkəzi Azərbaycan İncəsənət Konsulluğunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Beynəlxalq duet - keramika üzrə simpozium” adlı yeni layihəni təqdim edəcək.
Azərbaycan İncəsənət Konsulluğundan bildirilib ki, tədbirin məqsədi müxtəlif ölkələrdən keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Duet-simpozium ölkəmizin qədim keramika ənənələrini göstərmək baxımından da əhəmiyyətə malikdir, çünki Azərbaycan həm palçıq palitrasına, həm də palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur.
Keramika əsasında hazırlanan heykəltəraşlıq işləri klassik və avanqard üslubun köməyi ilə müxtəlif formalarda ola bilər. Simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar-keramika ustaları dəvət edilib. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq.
Simpoziumu Azərbaycandan Mir Teymur Məmmədov və Qazaxıstandan Artyom Qorislavets aparacaq. İçərişəhərdə, M.Maqomayev 90 ünvanında keçiriləcək tədbirə giriş sərbəstdir.