Fevralın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müasir və ictimai rəqs növləri üzrə açıq statuslu rəsmi Bakı şəhər çempionatı keçiriləcək.

Yarışma Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Müasir və İctimai Rəqs Assosiasiyasının təşkilatçılığı ilə reallaşacaq.
Layihənin məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim etmək üçün rəqqasların və kollektivlərin seçimidir. Yarışma həmçinin xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsinə, sağlam həyatın təşviqinə, uşaqların, yeniyetmələrin və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunmasına xidmət edir.
Yarışda baby-show (7 yaşa qədər), uşaqların (7-11 yaş), yuniorların (12-15 yaş), böyüklərin (16-49 yaş) və senyorların (50 yaşdan yuxarı) ifasında folklor, etnik, müasir, rəqs-şou, bal rəqsləri, folklor stilizasiya, hip-hop kimi rəqs növləri üstündə qurulan şoular nümayiş olunacaq.
Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
İştirak etmək istəyənlər ərizələrini fevralın 18-dək dance-az@mail.ru elektron ünvanına göndərməlidir.