Fransa qəzetində istedadlı rəssam Məryəm Ələkbərli haqqında yazı

Fransanın “Le Courrier de l’ouest” qəzetində istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında məqalə dərc olunub.
Məqalədə rəssamın həyatı və yaradıcılığı barədə məlumat verilir. Bakıda anadan olan Məryəmin artıq 300-dən çox əsərinin olduğu diqqətə çatdırılır.
Qeyd edilir ki, əsərləri ilə hamıda böyük maraq yaradan Məryəm öz hisslərini, gördüyü və duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirir. Enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan rəssam ecazkar bədii bacarığı ilə seçilir. Onun insan hərarəti ilə dolu əsərləri Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə dəfələrlə nümayiş olunub.
Məryəmin 2015-ci ilin yay mövsümündə yaratdığı əsərləri xüsusi bir mövzuya - ibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr edildiyi və bunun da təsadüfi olmadığı bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş ölkəmizin qədim mədəni irsinin nadir nümunələrindəndir. Gənc rəssamın bu əsərləri ilə Azərbaycanın mədəni irsini təşviq etdiyi vurğulanır.
Müəllif Məryəm Ələkbərlinin məna və hisslərin dərinliyi ilə seçilən əsərlərində öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə etdiyini yazır. Onun əsərlərində daha çox sevinc və məsumluğun əks olunduğu vurğulanır.