Fevralın 12-dən 14-dək Avstraliyanın Paytaxt Ərazisinin Multikultural Məsələlər Nazirliyi tərəfindən Kanberra şəhərində Milli Multikultural Festival keçirilib. Festivalda 80-dən çox ictimai birlik və diplomatik nümayəndəlik təmsil etdikləri xalqların mədəniyyətini, musiqisini və mətbəxini nümayiş etdirib.
Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən iki guşədə ziyarətçilərə mətbəximizin və mədəniyyətimizin nümunələri təqdim olunub. Festival çərçivəsində iştirakçılara Azərbaycan tarixini, mədəniyyətini əks etdirən suvenirlər və broşürlər, “Foreign Affair” jurnalının “Azerbaijan 2020” adlı xüsusi buraxılışı, eləcə də “Baku” və “İrs” jurnalları paylanılıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri, əməkdar artistlər Sevinc Həsənli və Elnur Süleymanov, avstraliyalı rəqqasə Körsti Françes milli rəqs, tarzən Şəhriyar İmanov milli musiqi nümunələri ilə çıxış ediblər. Azərbaycanın incəsənət ustalarının çıxışları avstraliyalı tamaşaçılar tərəfindən böyük maraqla izlənib, alqışlarla qarşılanıb.
Azərbaycan mədəniyyətinin Avstraliyada təbliği məqsədilə səfirliyin dəstəyi və Avstraliya-Türkiyə Təşviqat İttifaqının təşkilatçılığı ilə fevralın 21-də azərbaycanlı sənətkarların iştirakı ilə Sidney şəhərində də konsert təşkil ediləcək.