Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir keçirildi. Tədbirdə Əməkdar rəssam Əşrəf Heybətovun Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı əsərinin təqdimatı oldu.

Muzeyin direktoru Fəridə Şəmsi giriş sözündə qeyd etdi ki, mədəniyyət ocağında mütəmadi olaraq tariximizin həm şanlı səhifələri, həm də faciəvi günləri ilə bağlı belə tədbirlər təşkil edilir.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Xocalı faciəsinin dəhşətlərinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini dedi. Sektor müdiri bildirdi ki, tanınmış fırça ustası Ə.Heybətov əsərlərindən birini İstiqlal Muzeyinə hədiyyə edib. Rəssamın vətənsevərlik duyğularını yüksək dəyərləndirən nazir Əbülfəs Qarayev onu fəxri fərmanla təltif edib. Sektor müdiri fəxri fərmanı rəssama təqdim etdi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov həmkarının yaradıcılığına, şəxsiyyətinə yaxından bələd olduğunu vurğuladı, Ə.Heybətovu incəsənət tariximizdə xüsusi yeri olan Abşeron məktəbinin tanınmış nümayəndələrindən biri kimi xarakterizə etdi.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş sektorunun müdiri Qafar Əliyev bildirdi ki, tarix boyu başımıza gətirilən faciələrə baxmayaraq, xalqımız ən ağır günlərində sınmayıb, öz iradəsini qoruyub, müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizə aparıb. Sektor müdiri Ə.Heybətovun Xocalı faciəsinə həsr etdiyi əsəri yüksək dəyərləndirdi.
Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, Moskvadakı “Ocaq” Cəmiyyətinin sədri Tofiq Məlikli uzun illərdən bəri dostluq etdiyi rəssamın təqdim olunan diptixini tarixi yaddaşımızı yeniləyən əsər adlandırdı.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də əsər haqqında düşüncələrini bölüşdü, onun milli ruhlu yaradıcılığından bəhs etdi.
Tədbirdə “Günay” Uşaq Teatrı tərəfindən şairə Zərəngiz Qayalının Xocalı faciəsinə həsr edilmiş “Cavab ver” poeması əsasında səhnələşdirilmiş kompozisiya nümayiş olundu.
Təqdimatda Dövlət Rəssamlıq Akademiyasının, Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və başqa qonaqlar iştirak edirdilər.
Qeyd edək ki, Ə.Heybətovun “XX əsrin faciəsi - Xocalı” əsərinin ilk təqdimatı 7 il öncə Berlində keçirilib. Ölçüsü 2,5x1 metr olan diptixdə rəssam Xocalı soyqırımının bütövlükdə insanlığa qarşı yönələn cinayət olduğunu göstərməyə çalışıb. Faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə müəllif əsasən qırmızı və qara rənglərdən daha çox istifadə edib.

Soltan