Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Bakı Xoreoqrafiya Akademiyası
Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqə


Milli balet məktəbinin nümayəndəsi və Şərqin ilk qadın balerinası Qəmər Almaszadənin xatirəsinə ithaf olunur

Bakı şəhəri       May 2016

Müsabiqənin məqsədi: Milli və klassik rəqs irsinin, o cümlədən dünya xalq rəqslərinin qorunaraq nəsildən-nəslə ötürülməsi və təbliği, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsi. Milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliği.

Müsabiqənin şərtləri:

1. Müsabiqə Klassik və Milli rəqs istiqamətlərində 2 (iki) yaş qrupunda (oğlanlar və qızlar arasında) və 2 (iki) turda keçiriləcək.

1.1. Klassik rəqs (solo və duet kateqoriyalarında) üzrə yaş qrupları və proqram:
Kiçik yaş qrupu - 12-17 yaş arası
Böyük yaş qrupu - 18-26 yaş arası
I turda iki klassik Variyasiya və yaxud bir Pas-de-deux (duet çıxışı zamanı müsabiqə iştirakçısını müşayiət edən şəxs müsabiqədə iştirak üçün müraciət etmədiyi halda münsiflər tərəfindən qiymətləndirilməyəcək).
II turda müasir xoreoqrafiya və ya neo-klassik rəqs (ifa 4 dəqiqədən çox olmamalı, repertuar 2010-cu ildən sonra bəstələnən əsərlərdən ibarət olmalıdır).

1.2. Milli rəqs (solo və ya kollektiv, ansambl 2-12 nəfərdən ibarət) üzrə yaş qrupları və proqram:
Kiçik yaş qrupu - 12-17 yaş arası
Böyük yaş qrupu - 18-26 yaş arası
I turda qızlar üçün bir lirik və bir ritmik milli rəqs ifası, oğlanlar üçün bir sərbəst və bir ritmik milli rəqs ifası (kollektiv çıxışı zamanı müsabiqə iştirakçısını müşayiət edən şəxs müsabiqədə iştirak üçün müraciət etmədiyi halda münsiflər tərəfindən qiymətləndirilməyəcək).
II turda müasir rəqs və yaxud xalq səhnə rəqsi, stilləşdirilmiş rəqs təqdim edilməlidir (ifa 4 dəqiqədən çox olmamalı, repertuar 2010-cu ildən sonra bəstələnən əsərlərdən ibarət olmalıdır). I turda uğurlu nəticə göstərən kollektiv II turda 60%-dən az olmayan heyət ilə çıxış edə bilər.

1.3. Rəqslər hər bir kateqoriya üzrə qiymətləndiriləcək. Duet və ya ansambl çıxışı zamanı ərizə-qeydiyyat formasında müvafiq qeydiyyat aparılmalı, əks halda müsabiqə iştirakçısını müşayiət edən şəxslər münsiflər tərəfindən qiymətləndirilməyəcək. Müsabiqəyə təqdim olunan kateqoriya müsabiqənin sonunadək dəyişdirilə bilməz.

2. Müsabiqəyə xarici ölkələrdən, o cümlədən respublikada fəaliyyət göstərən rəqs kollektivlərinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin rəqs kollektivlərindən iştirakçılar müvafiq istiqamətlər, kateqoriya və yaş qrupları üzrə iştirak edə bilər. Bakı şəhər rayonlarından və regionlardan müsabiqəyə qatılacaq şəxslər 1 mart 2016-cı il tarixinə kimi müsabiqədə iştirak - ərizə-qeydiyyat formasını (əlavə olunur) tam doldurulmuş və imzalanmış şəkildə və müsabiqədə ifa olunacaq rəqs nömrəsinin video çəkilişini DVD formatda poçt vasitəsilə Bakı Xoreoqrafiya Akademiyasına (AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov 75) və yaxud müsabiqədə iştirak - ərizə-qeydiyyat formasını (əlavə olunur) tam doldurulmuş, imzalanmış, skan olunmuş variantda və müsabiqədə ifa olunacaq rəqs nömrəsinin video çəkilişini MP4 formatında info@bxa.edu.az
e-mail ünvanına göndərə bilər. DVD və MP4 (video) seçimlərini müvəffəqiyyətlə keçən və I turda iştirak imkanı qazanan şəxslərlə əlaqə saxlanılacaq.

3. Müsabiqə iştirakçılarının və onları müşayiət edən şəxslərin Bakı şəhərində yaşamaları, qidalanmaları və digər xərcləri iştirakçı tərəfindən ödənilir (Müsabiqənin təşkilat komitəsi yalnız qonaqların və iştirakçıların hotel və biletlərinin sifarişində köməklik göstərə bilər).

4. Müsabiqədə proqram seçimi sərbəstdir. İştirakçı müsabiqədə öz konsertmeysteri ilə çıxış edə bilər. Konsertmeyster olmadığı halda müsabiqə təşkilatçıları yüksəkixtisaslı konsertmeysterlərin müşayiətini təmin edəcək. Bu halda not materialları öncədən təqdim olunmalıdır. Müsabiqə iştirakçısının disk (audio, CD, mini disk) və yaddaş kartından istifadə etmək hüququ var. Bu halda iştirakçı texniki nöqsanların baş verməməsi üçün musiqi materiallarını həm CD (və ya mini disk), həm də yaddaş kartı ilə təqdim etməlidir.

5. Müsabiqədə çıxış üçün vacib olan rekvizitlər iştirakçı tərəfindən təmin olunur.

6. Münsiflər heyətinin qərarı ilə I turu müvəffəqiyyətlə keçmiş müsabiqə iştirakçıları II turda iştirak etmək imkanı qazanacaq.

Əlavə məlumat

1. Müsabiqənin keçirildiyi dövrdə iştirakçının Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqraflarının dərslərində iştirak etmək hüququ vardır.
2. Çıxış öncəsi hər bir müsabiqə iştirakçısına məşq imkanı yaradılacaq.

Təqdim olunan sənədlər

1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 2 ədəd 13x18 ölçülü fotoşəkil (1 ədəd portret, 1 ədəd rəqs kostyumunda)
3. Tam doldurulmuş ərizə-qeydiyyat forması
4. Rəqs ifasının DVD (video) versiyası

Mükafat və təltif olunma qaydaları

1. Q.Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin qalibləri münsiflər heyətinin ümumi qərarı ilə diplom və müvafiq yerə uyğun pul mükafatı ilə mükafatlandırılacaqlar (istiqamət (klassik və milli), kateqoriya və yaş qrupları üzrə).
2. Q.Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqədə qalib olmayan iştirakçılar sertifikat və xüsusi diplomla təltif olunacaqlar.
3. Müsabiqənin “Qəmər Almaszadə” adına xüsusi təqaüdü bir il ərzində yalnız Bakı Xoreoqrafiya Akademiyasının müsabiqədə uğurlu nəticə göstərmiş tələbəsinə təqdim olunacaq.
4. Müsabiqədə o cümlədən ən yaxşı müasir xoreoqrafiya quruluşu üzrə baletmeysterin mükafatlandırılması da nəzərdə tutulur.
5. Müsabiqənin münsiflər heyəti bütün mükafatları təltif etməmək hüququna malikdir. Münsiflər heyəti yüksəkixtisaslı, peşəkar mütəxəssislərdən ibarətdir və heyətin qərarı təkzibolunmazdır.
6. Müsabiqə laureatları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək qala konsertdə çıxış etmək hüququna malikdir.

Müsabiqənin ünvanı və əlaqə telefonları

AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov 75, Bakı Xoreoqrafiya Akademiyası, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqə,
www.bxa.edu.az/info@bxa.edu.az
+994125973426, +994125972379
Daha ətraflı məlumat üçün əlaqə saxlayın.