“Yaratdıqlarımla həm sənətdən güc alıram, həm də başqalarına güc verirəm”

Yəqin ki, mənim kimi bir çoxları da Nana (Natəvan) Nərimanbəylinin əsərlərini, yaradıcılığını sosial şəbəkələrdən tanıyırlar. Bugünlərdə onun yaradıcılığı ilə yaxından tanış olmaq üçün emalatxanasına getdim, sənət haqqında düşüncələrini dinlədim.

Bəri başdan deyim ki, təsviri sənətdə məni daha çox yaradıcı insanın ifadə etdiyi düşüncə və ideyaları təəccübləndirir. Yaradıcılığında buna rast gəldiyim rəssamlardan biri də N.Nərimanbəylidir. Onun yaradıcılığında fəlsəfilik, forma və ideya axtarışları aydın duyulur, tamaşaçıya nəyisə çatdırmaq istəyi görünür.
Rəssam emalatxanasındakı əsərlərlə bir-bir məni tanış edir, həm də sənətə gəlişindən söz açır: “1971-ci ildə Bakıda doğulmuşam. Rəssam olmaq qərarımı gec verdim. Hamı mənim musiqiçi olacağımı düşünürdü. Ona görə ki, ailəmizdə çoxlu musiqiçi vardı. Uşaqlıqdan şəkil çəkməyə başlamışam. 1988-ci ildə Qroznıda Rəssamlıq Məktəbinə daxil oldum. Oradakı müəllimim Oleq Mişin idi. O, Azərbaycanın ilk kubist rəssamı sayılırdı. Keçmiş bakılı idi, Gürcüstanda rəssamlıq təhsili almışdı, Qroznıda yaşayırdı. Rəssamlıq məktəbini bitirib Bakıya qayıtdım. Ali təhsilimi indiki Memarlıq və İnşaat Universitetində davam etdirdim. Burada da gözəl bir insandan - memar və rəssam Elturan Avalovdan sənətin sirlərini öyrəndim. İxtisasca memaram, ancaq memarlıqla yox, rəssamlıqla məşğul olmağa başladım”.
Onun həm də müəllim kimi 20 illik təcrübəsi var. 1996-cı ildə İsrail Mədəniyyət Mərkəzində rəssamlıqdan dərs deməyə başlayıb. Bu müddət ərzində onlarla insana rəssamlığın sirlərini öyrədib. İndi bu işlə emalatxanasında məşğul olur.
Nana xanımın yüzlərlə əsəri var. Bunlardan bir neçə sərgi düzəltmək olar. Ancaq o, indiyə kimi fərdi sərgisini keçirməyib, hətta kollektiv sərgilərdə belə onun işlərini görmürük: “Düşünürəm ki, hələ tezdir. Daha yaxşı, güclü əsərlərlə tamaşaçıların qarşısına çıxmaq istəyirəm. Yaradıcılığı hər şeydən üstün tuturam. Yaradıcılıq varsa, sərgini hər zaman eləmək olar”, - deyir.
Dolanışığı yaradıcılıqdan çıxan rəssamlar üçün başlıca çətinlik əsərlərini sata bilməməkdir. Yüksək sənət dəyəri olan əsərlər adi tamaşaçı tərəfindən qəbul edilmir. Sıradan tamaşaçıya daha çox tez anlaşılan, dərin düşüncə tələb etməyən əsərlər gərəkdir. Rəssam bunu nəzərə alaraq dolanışıq xatirinə mənzərə və natürmortlar da çəkir: “Hərənin bir zövqü var. Əsərlərim ara-sıra satılır. Adamlar daha çox mənzərə, natürmort istəyirlər. Mən də onların istəyini nəzərə alıram”.
Bəs rəssam öz əsərləriylə tamaşaçıya nə demək istəyir? “Məni əsasən insanın iç dünyası maraqlandırır. Hər bir insanda gözəlliklər və çirkinliklər var. İstəyim insanı özünə təqdim etmək, tanıtmaqdır. Adi halda insan özünü tanımaq istəmir. Sənət ona özünü tanımaqda yardımçı ola bilir. Mən sənətin duyğusal, mənəvi, təmizləyici gücünə inanıram. Yaratdıqlarımla həm sənətdən güc alıram, həm də başqalarına güc verirəm”.
Hər əsər bir mövzudur, ideyadır. “Klounun doğum günü” əsərində rənglər insan hissiyyatını coşdurmağa xidmət edir.
Nana xanımın öz “Məcnun”u var. Di gəl ki, o, Məcnununu səhrada yox, yaşıllıq içində təsvir edib. Rəssam demək istəyir ki, istər səhrada, istərsə də meşədə olsun, təbiətlə bir olan, onunla nəfəs alan hər bir insan Məcnundur.
“Vidalaşma” əsərindəki hüzn sanki insanın içinə dolur. Əsərdəki gənc qızın simasındakı kədərlə atın gözlərindəki nisgil bir-birini tamamlayır, insanda dərin sarsıntı doğurur. “Böyük ay” əsərində avanqard və abstrakt meyllər qabarıq gözə çarpır. Burada cizgilərin qeyri-müəyyənliyi, dağınıqlığı diqqəti cəlb edir. “Uçuşun yamsılanması”nı sürrealist, ekspressionist əsər saymaq olar. Əsərdə gerçək obrazlar olsa da, rəssam daha çox düşüncə və duyğularını rənglərin gücüylə çatdırmaq istəyir.
Yaradıcılığında realizm, sürrealizm, kubizm cərəyanlarına aid əsərlər ayrıca yer tutur. Bunu belə izah edir: “Cərəyanlar rəssamın qarşısında geniş imkanlar açır. Rəssam özünü dar çərçivəyə salmamalı, yaradıcı duyğularını qısmamalı, eksperimentlər eləməkdən çəkinməməlidir. Mən müxtəlif texnikalarla işləməyi xoşlayıram. Bu həm də özünüifadə imkanlarına yol açır”.
Rəssamın Qarabağ mövzusunda bir neçə əsəri var. Bu da səbəbsiz deyil. Nana xanımın soyu Qarabağdandır. Qarabağın rəmzi olan Xarı bülbül onun yaradıcılığında diptixə çevrilib. “Qarabağ nəğmələri” əsərini də rəssam əzəli torpağımıza olan sevgidən yaradıb.
N.Nərimanbəylinin qrafik yaradıcılığı da zəngindir. Qara tuş, qara karandaş, kömürlə çəkdiyi qrafik əsərlərilə yanaşı, rəngli qrafikaları da diqqət çəkir. Rəssamın qrafik əsərlərində dərin lirizm, şeriyyət var ki, bu da insanı əsərlərlə doğmalaşdırır.

S.Soltanlı