Martın 2-də dünya şöhrətli amerikalı xoreoqraf, sənətşünaslar tərəfindən müasir rəqsin Motsartı adlandırılan Mark Morris Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
Akademiyanın aparıcı xalq-səhnə rəqs müəllimlərinin dərslərində iştirak edən qonaq onların peşə uğurları, tələbələrin sənət həvəsi və rəqsə olan münasibəti barədə fikirlərini bölüşüb, Azərbaycan rəqsinin digər xalqların rəqsləri arasında xüsusi yer tutduğunu vurğulayıb.
Dərslərdə böyük maraqla iştirak edən məşhur xoreoqraf müəllim və tələbələrə tövsiyələrini verib, Bakı Xoreoqrafiya Akademiyasının inkişafının və gələcək yaradıcılıq uğurlarına artıq bu gün imza atıldığının şahidi olduğunu deyib.