Aprelin 15-də Azərbaycan Dövlət Tibb Universitetinin Əminə Dilbazi adına “Çinar” rəqs ansamblının solo konserti keçiriləcək.
Tanınmış rəqqas Tahir Eynullayevin rəhbərlik etdiyi kollektiv tamaşaçılara milli rəqslərimizdən - “Tərəkəmə”, “Atəşgah”, “Ürək döyüntüsü”, “Yallı”, eləcə də dünya və yunan rəqslərindən nümunələr təqdim edəcək.
Konsert ansamblın yaradıcısı Xalq artisti, Dövlət mükafatı laureatı Əminə Dilbazinin xatirəsinə həsr olunub. Qeyd edək ki, “Çinar” rəqs ansamblı Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edərək mükafatlar qazanıb.