Kiyev Milli Linqvistik Universitetinin konsert zalında Qafqaz rəqsləri məktəbinin beşilliyi münasibətilə bayram konserti olub.
Parlaq proqram, rəngarəng geyim, yeni quruluş və 600 tamaşaçı - bütün bunlar bir daha sübut edir ki, istedadlı həmvətənimiz Nicat Mirzəyev yaradıcı və peşəkar kollektiv formalaşdırıb.
Ansambl tamaşaçılara Azərbaycanın və Qafqazın milli rəqslərini təqdim edib. Məktəbin gənc yetirmələrinin nağara sədaları altında ifa etdiyi hərarətli "Ləzginka" rəqsi konsertin sürpriz şousu olub. "Ləzginka"nın ən yaxşı ifası üçün tamaşaçılar arasında da müsabiqə keçirilib.
Fəxri qonaqlar - Qafqaz rəqsləri məktəbinin banilərindən biri, həmvətənimiz Şəmsi Məhərrəmov, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, "Ümid mənbəyi” beynəlxalq festivalının direktoru, "Ukrayna dünyanı birləşdirir" beynəlxalq festivalının rəhbəri Svetlana Kuzmenko və başqaları konsert iştirakçılarını hərarətlə salamlayıb, məktəbə və “Qafqaz” ansamblına yeni yaradıcılıq uğurları arzulayıblar.
Dahi ifaçı Rəşid Behbudovun bacısı oğlu - müğənni Cəfər Behbudov yüksək ustalığı və seçilən səsi ilə hamını heyran qoyub.