Gürcüstan Parlamenti Milli Kitabxanasının sərgi salonunda azərbaycanlı və gürcü rəssamların əsərlərindən ibarət “Dostluq” sərgisi açılıb. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi sərgidə 10 azərbaycanlı və 26 gürcü rəssamın 200-dək əsəri - rəsm, heykəltəraşlıq və xalçaçılıq nümunələri nümayiş olunur.
Parlament Kitabxanasının rəhbəri Mirian Xoşitaşvili deyib ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edir. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri Leyla Əliyeva bildirib ki, sərgini təşkil etməkdə məqsəd xalqlarımız arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.
Azərbaycanlı rəssam Əli İsayev, “Firosmon” təşkilatının vitse-prezidenti Cemal Qoqişvili və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Sərgi salonunda Muzeydə fəaliyyət göstərən Azərbaycan musiqi qrupu xalq və bəstəkar mahnılarımızı səsləndiriblər.