Əl işlərinin nümayişi və satışı keçiriləcək

Martın 16-da Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Bank”ın dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən “Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi açılacaq. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunacaq sərgidə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən sənətkarların əl işlərinin nümayişi və satışı keçiriləcək.
Layihənin əsas məqsədi itirilməkdə olan bədii sənətlərin dirçəldilməsi, gənclərin sənətkarlığa marağının artırılması, regionlarda bədii sənət növləri üzrə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Sərgidə Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələ regionlarında metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, xalçaçılıq, zərgərlik, dulusçuluq, çəkməçilik və papaqçılıq sahələrində fəaliyyət göstərən 20-dək sənətkarın 400-dən çox əl işi nümayiş olunacaq.