Aprelin 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr olunmuş sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə açılacaq sərgidə rəssamın "Yaşıl çay plantasiyası", "Bakı", "İslam memarlıq abidəsi", "Sahil", "Qəhrəman sələfimiz", "Kür mənzərəsi", "Torpağın oyanması" və digər tabloları nümayiş olunacaq.
Ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəkidə anadan olub. 1944-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Yaradıcılığı rəngkarlığın bir çox janrına həsr edilib.
Onun yaratdığı tarixi mövzulu əsərlərdə çoxfiqurlu lövhələr, bayram, zəhmət və istirahət mövzulu kompozisiyalar, məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur. Bütün bu janrlarda rəssam realistik sənətə sadiq qalıb. Onun əsərləri respublikamızın hüdudlarından kənarda da yüksək dəyərləndirilib, Rusiya, Türkiyə, İran, Bolqarıstan, Macarıstan, Rumıniya və başqa ölkələrdə nümayiş etdirilib, bir çox muzey və qalereyaların fondlarında saxlanılır.
Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Əməkdar rəssam, 2004-cü ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2007-ci ildə vəfat edib.